RU

Məşhur yazıçı 88 yaşında vəfat etdi

Dünyaca tanınmış ingilis yazıçısı Cilli Kuper 88 yaşında dünyasını dəyişib. O, “Atlılar” və “Rəqiblər” kimi sevgi və intriqa dolu romanları ilə tanınırdı. Yazıçının meneceri Felisiti Blant bildirib ki, Kuper bazar günü yıxılaraq həyatını itirib.

News24.az xəbər verir ki, Cilli Kuper 1980-ci illərdə İngiltərənin varlı təbəqəsini tənqid edən, eşq, xəyanət və sinif fərqləri mövzusunda yazdığı cəsarətli əsərləri ilə məşhurlaşıb. Təkcə Böyük Britaniyada onun 11 milyondan çox kitabı satılıb.

Onun ən məşhur əsərlərindən biri olan “Rəqiblər” romanı 2023-cü ildə televiziya serialına çevrilərək böyük maraq qazanıb və bu, yazıçının əsərlərinə yenidən diqqət yönəldib.

1937-ci ildə anadan olan Kuper əvvəlcə qəzetdə köşə yazarı kimi fəaliyyətə başlamış, daha sonra roman yazmağa başlayıb. Ən böyük uğurunu isə 1985-ci ildə nəşr olunan “Atlılar” romanı ilə əldə edib.

Romanlarında yaratdığı Rupert Campbell-Black obrazı gənc və yaraşıqlı atlı kimi oxucuların sevimlisinə çevrilmişdi. Yazıçı son müsahibələrindən birində demişdi: “İnsanlar çox ciddiləşib, həyata bir az da olsa sevinc qatmalıyıq". 

Cilli Kuper kraliyyət ailəsinə yaxın çevrələrdə tanınan bir sima idi və bir çox tanınmış şəxslərlə dostluq əlaqələri qurmuşdu.

O, həyatı boyu 40-dan çox kitab yazıb, bağ evində klassik musiqi eşidərək yazmağı sevirdi. Yazıçı iki uşaq anası idi və həyat yoldaşını 2013-cü ildə itirmişdi.

Cilli Kuper özündən sonra İngilis ədəbiyyatında silinməz izlər buraxan dəyərli bir miras qoyub.

Xeyrənsə Piriyeva

Избранный
37
news24.az

1Источники