Son günlər Xırdalan şəhərində, paytaxt Bakı ətrafında, Masazır, Müşfiqabad və Saray qəsəbələri istiqamətindən Bakı - Sumqayıt yolu ilə çoxsaylı qanunsuz sərnişindaşımaları müşahidə edilir. Bu səbəbdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz sərnişindaşımalarına qarşı reyd keçirilib.
SİA-nın məlumatına görə, AYNA-danbildirilib ki, reyd zamanı qanunvericiliyin tələblərinə riayət olunmadan sərnişindaşıma fəaliyyəti göstərən 18 nəqliyyat vasitəsi saxlanılıb və sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib. Qanunsuz sərnişindaşımalarına qarşı reydlər davam etdirilir.Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşıma ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.
Daşıyıcılar sifarişli sərnişindaşınmaları həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar. Sifarişli sərnişindaşınmalar üçün formulyar AYNA informasiya sistemində elektron qaydada doldurulur. Qeyd edək ki, icazə olmadan sərnişindaşıma fəaliyyəti göstərmək inzibati məsuliyyət yaradan haldır.
Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.