RU

A.Novak: OPEC+ neft hasilatının 137 min bareldən çox artırılmasını müzakirə etməyib

BAKI, 7 oktyabr. TELEQRAF

OPEC+ təşkilatına daxil olan səkkiz aparıcı ölkə neft hasilatının gündəlik 137 min bareldən çox artırılmasını müzakirə etməyib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, görüşdə yalnız noyabr ayı üçün hasilat səviyyəsi müzakirə olunub. Görüş iştirakçıları arasında isə heç bir fikir ayrılığı olmayıb.

Xatırladaq ki, bazar günü OPEC+ ölkələrinin səkkizliyi gündəlik neft hasilatını oktyabr ayı ilə müqayisədə 137 min barel artırmaq qərarı verib. Bu qərar qlobal iqtisadiyyatın sabit perspektivləri və dünya bazarlarında aşağı səviyyəli ehtiyatların yaratdığı əlverişli fundamental şərait fonunda qəbul olunub.

OPEC-in məlumatına əsasən, noyabr ayında Rusiya və Səudiyyə Ərəbistanı hasilatı hər biri 41 min barel/gün artıracaq. İraq 18 min barel, Birləşmiş Ərəb Əmirlikləri 12 min barel, Küveyt 10 min barel, Qazaxıstan 7 min barel, Oman və Əlcəzair isə hər biri 4 min barel hasilat artımı həyata keçirəcək.

Bununla yanaşı, ölkələr üzrə yeni hasilat kvotaları belə müəyyən edilib: Rusiya – 9,532 milyon barel/gün, Səudiyyə Ərəbistanı – 10,061 milyon barel/gün, İraq – 4,255 milyon barel/gün, Küveyt – 2,569 milyon barel/gün, BƏƏ – 3,399 milyon barel/gün, Qazaxıstan – 1,563 milyon barel/gün, Oman – 808 min barel/gün, Əlcəzair – 967 min barel/gün.

Избранный
45
teleqraf.com

1Источники