RU

Sabir Əhmədov: Ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsi əhalinin geri qayıdışına ciddi maneə yaradır  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin oktyabrın 6-da Cenevrə şəhərində işinə başlamış 76-cı sessiyasında iştirak edir.

Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sessiyada çıxış edən Sabir Əhmədov Ermənistanın deportasiya və işğalçılıq siyasəti, bu siyasətin tarixi kökləri və ağır nəticələri, qaçqın və məcburi köçkünlərin üzləşdikləri məhrumiyyətlər haqqında ətraflı məlumat verib. Deyib ki, Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaq barədə beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri 30 ilə yaxın müddətdə yerinə yetirməyib. Buna görə də Azərbaycan hərbi əməliyyatlar apararaq, özünün ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməli oldu.

Həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə infrastruktur obyektlərini tamamilə dağıtdığı, milli-mədəni irsimizi məhv etdiyi, təbii sərvətlərimizi taladığı, iqtisadiyyata ağır zərər vurduğu bildirilib.

Sabir Əhmədov qeyd edib ki, hazırda Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuş keçmiş məcburi köçkünlərin rahat, təhlükəsiz və ləyaqətlə qayıdışı üçün imkanlar səfərbər edilib. Köçkünlüyün ilk illərində olduğu kimi, qayıdış zamanı da bərpa-quruculuq işləri, əhalinin məşğulluğunun təmin edilməsi və digər işləri Azərbaycan dövləti, əsasən, öz imkanları hesabına həyata keçirir.

Qeyd edilib ki, işğal dövründə Azərbaycan ərazilərini Ermənistanın mina və partlamamış hərbi sursatlarla çirkləndirməsi əhalinin geri qayıdışına ciddi maneə yaradır. Buna görə də təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi qayıdışın prioritet istiqaməti kimi müəyyənləşdirilib.

İşğaldan azad edilmiş 28 yaşayış məntəqəsinə 2022-ci ildən indiyədək keçmiş məcburi köçkünlərin köçürülməsi həyata keçirilib. Hazırda Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində, ümumilikdə, 50 mindən çox insan yaşayır. İnfrastruktur tamamilə yenidən qurulur. Geri qayıdan əhali müasir tələblərə cavab verən ev və mənzillərlə təmin olunur. Bir ali məktəb yaradılıb, hər bir yaşayış məntəqəsində orta təhsil müəssisəsi, bağça, tibb məntəqəsi, icma mərkəzi inşa olunur.

Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2027-2030-cu illəri əhatə edən Böyük Qayıdışa dair ikinci Dövlət Proqramının hazırlanmasına başlanılıb. Proqramda işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması üçün effektiv tədbirlər öz əksini tapacaq.

Избранный
33
17
azerbaijan-news.az

10Источники