İşğalın ilk illərində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsinin, qida, tibbi yardım, sosial-məişət ehtiyaclarının təmin edilməsinin böyük çətinliklər yaratdığı, amma hökumətimizin öz imkanlarını maksimum dərəcədə səfərbər etdiyi, həmçinin beynəlxalq təşkilatlardan yardım və dəstək aldığı diqqətə çatdırılıb. Ermənistanın işğal etdiyi ərazilərdə infrastruktur obyektlərini tamamilə dağıtdığı, milli-mədəni irsimizi məhv etdiyi, təbii sərvətlərimizi taladığı, iqtisadiyyata ağır zərər vurduğu bildirilib.
Hazırda Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuş məcburi köçkünlərin rahat, təhlükəsiz və ləyaqətlə geri qayıdışı üçün imkanların səfərbər edildiyi deyilib. Köçkünlüyün ilk illərində olduğu kimi, geri qayıdış zamanı da bərpa-quruculuq işləri, əhalinin məşğulluğunun təmin edilməsi və digər işləri Azərbaycan dövləti, əsasən, öz imkanları hesabına həyata keçirir.

Qeyd edilib ki, işğal dövründə Azərbaycan ərazilərini Ermənistanın mina və partlamamış hərbi sursatlarla çirkləndirməsi, əhalinin geri qayıdışına ciddi maneə yaradır. Buna görə də, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi qayıdışın prioritet istiqaməti kimi müəyyənləşdirilib.
Böyük Qayıdışın başlandığı 2022-ci ildən indiyədək işğaldan azad edilmiş 28 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin köçürülməsi həyata keçirilib. Hazırda Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində, ümumilikdə, 50 mindən çox insan yaşayır. İnfrastruktur tamamilə yenidən qurulur. Geri qayıdan əhali müasir tələblərə cavab verən ev və mənzillərlə təmin olunur. Bir ali məktəb, hər bir yaşayış məntəqəsində orta təhsil müəssisəsi, bağça, tibb məntəqəsi, icma mərkəzi yaradılır. İnfrastrukturun bərpası ilə yanaşı əhalinin yeni yaşayış şəraitinə adaptasiyası və iqtisadi fəaliyyətə reinteqrasiyası, məşğulluq imkanlarının artırılması üçün məqsədyönlü işlərin görülməsinin də həyata keçirilən tədbirlər arasında mühüm yer tutduğu bildirilib.
Vurğulanıb ki, ölkə başçısının sərəncamı ilə 2027-2030-cu illəri əhatə edən Böyük Qayıdışa dair ikinci Dövlət Proqramının hazırlanmasına başlanılıb. Proqramda işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması üçün effektiv tədbirlər öz əksini tapacaq. Azərbaycan məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdışının hərtərəfli düşünülmüş yeni, müasir modelini yaradır.
AzVision.az