Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır. Bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov deyib.
O qeyd edib ki, bu məsələ "Sudan səmərəli istifadə üzrə Milli Su Strategiyamız"da da öz əksini tapıb. Strategiyada hədəf kimi göstərilib: "Hazırda bu məsələnin təhlilini aparırıq. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcəyik".
Ə.Şirinov deyib ki, diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir: "Yəni onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə, kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca, fərqli tariflər müəyyənləşdirilir. Dünyada bu praktika geniş yayılıb. Bizim strategiyadakı araşdırmalarımızın da məqsədi məhz belə əsaslandırılmış bir təklifi hazırlayıb Tarif Şurasına təqdim etməkdir. Bu məsələ üzərində iş davam edir, hələ təklifimizi rəsmi olaraq təqdim etməmişik".
Ə.Şirinov qeyd edib ki, adətən diferensial tarif deyəndə insanlar qiymətlərin artacağını düşünürlər: "Amma bu, əslində belə deyil. Əksinə, diferensial tarifin məqsədi aşağı gəlirli əhalini qorumaq, onlara güzəştli qiymətlər vermək, kommersiya və çox su istifadə edən obyektlər üçün isə tarifləri daha düzgün səviyyədə müəyyən etməkdir".
İqtisadçı Xalid Kərimli "Yeni Müsavat"a mövzunu şərh edərkən bildirdi ki, söhbət aşağı, orta və yuxarı limitlərin müəyyənləşdirilməsindən gedir. Onun sözlərinə görə, bu, qiymətin dəyişilməsinə birmənalı olaraq təsir edəcək: "Tarif dəyişdikcə qiymət də limitə uyğun dəyişəcək. Limitlərin müəyyən edilməsi Tarif Şurasının səlahiyyətindədir. Bəlkə aşağı limit olduğu kimi qalar, amma orta və yuxarı limit qaldırıla bilər. İstənilən halda, qiymət fərqi olacaq. Önəmli olan həm də limitin həcmidir. O cümlədən, limitin aylıq və yaxud illik olması da önəmlidir. Məsələn, qaz üçün illik istehlak həcminin limiti 1200 kubmetr, işıq üçün isə 300 kVts müəyyən edilib. Odur ki, su istehlakında limitin aylıq və ya illik əsasda müəyyən ediləcəyi əsas suallardan biridir. Xüsusilə yay aylarında suya tələbat çoxalır, əhali də çox istifadə edir, suvarmada da ehtiyac artır. Bu baxımdan hesab edirəm ki, limitin illik müəyyən edilməsi məqsədəuyğun olar. Zaman-zaman limitlərin ləğv olunması ilə bağlı təkliflər səsləndirilsə də, hesab edirəm ki, bu, mümkün olmayacaq"
Ekspert diferensial tarif qaydasının əleyhinə olmadığını qeyd edib: "Artım olduqda bu, bütün növ limitlərə təsir etmir. Digər tərəfdən, diferensial tarif qaydası əhalini qənaətə təşviq edir. Limit ehtiyaca görə müəyyən edildiyinə görə ədalətli olduğunu düşünürəm. Kim sudan az istifadə edəcəksə, az ödəniş edəcək, çox istifadə edən də çox ödəyəcək. Bəzən insanlar düşünür ki, limit ləğv olunsa, qiymətlər aşağı həddə müəyyən ediləcək. Bu, belə deyil, adətən limit olmadıqda aşağı deyil, orta qiymətlər müəyyən edilir. Diferensiallaşma tətbiq edildikdən sonra qiymətin indiki kimi 0,70 AZN-dən aşağı müəyyən ediləcəyini zənn etmirəm, 0,70 AZN minimal hədd kimi qala bilər, amma daha yuxarı hədd də müəyyən edilə bilər. Hesabatlılıq şəffaf olmadığı üçün xərclərin artması ilə bağlı müfəssəl məlumat almaq olmur".
Qeyd edək ki, son rəsmi açıqlamalara görə, Azərbaycanda su anbarlarında 16 milyard kubmetr həcmində su ehtiyatı mövcuddur. Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı-"Baku Water Week" çərçivəsində təşkil olunan "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrində bildirib ki, hazırda ən aktual məsələlərdən biri ehtiyatlardan səmərəli istifadədir: "Su ehtiyatlarından düzgün istifadə etməyi bacarmalıyıq. Azərbaycan çayların aşağı axınında yerləşən ölkədir və buna görə də biz həmişə qonşularımızla su məsələsini gündəmdə saxlamalıyıq. Təəssüf ki, hər zaman tam razılığa gələ bilmirik. Çünki regionda yalnız Azərbaycan "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" BMT Konvensiyasının üzvüdür, digər ölkələr isə üzv deyil və onlar çayların yuxarı axınında yerləşirlər. Bu səbəbdən su məsələlərini daim diqqətdə saxlamalıyıq. Su idarəçiliyi həm milli, həm də regional yanaşma tələb edir. Bu səbəbdən su məsələləri müzakirə olunarkən yalnız ölkəni deyil, bütövlükdə regionu nəzərə almaq vacibdir. Region əməkdaşlığını daha güclü qurmalıyıq. Təəssüf ki, hələlik su istehlakında istədiyimiz səviyyəyə çata bilməmişik. Bu sahədə ciddi proqramlar hazırlayıb onların icrasına nail olmalıyıq".
Ötən həftə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində də sudan səmərəli istifadə, istehlak zamanı qənaətə diqqət etmək kimi məsələlər diqqət mərkəzində olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov qeyd edib ki, Azərbaycanda içməli su və suvarma infrastrukturunda itkilər və sızmalar mövcuddur: ""Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın hədəflərindən biri 2040-cı ilə qədər bu itkilərin minimuma endirilməsidir. Bütün içməli su sistemlərində sayğacların quraşdırılmasına ehtiyac var".