RU

Azərbaycanla İran arasında təmaslar artır - HDQ komandanlarının görüşü...

Rusiyada keçirilən Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının iclası çərçivəsində Azərbaycan HDQ-nin komandanı, Birinci dərəcəli kapitan Şahin Məmmədov ilə İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Şəhram İrani arasında ikitərəfli görüş keçirilib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Kapitan Şahin Məmmədov görüşdən sonra çıxışında Azərbaycanı və İranı iki dost, qardaş və qonşu ölkə adlandıraraq deyib:

"İki ölkə bütün sahələrdə əməkdaşlıq edir və Xəzər dənizi ilə bağlı məsələlərdə də çox uğurlu koordinasiya mövcuddur".

Şəhram İrani isə "Biz kənardan heç bir ölkənin Xəzər dənizi ilə bağlı qərar qəbul etməsinə icazə verməyəcəyik" - deyə bildirib.

Heç şübhəsiz ki, bu görüş son illərdə Azərbaycanla İran arasında “əsən soyuq küləklər”in fonunda bir sıra müzakirələr doğurmaya bilməz. Ekspertlər hesab edirlər ki, artıq dövlətlərarası münasibətlərdə zaman-zaman yaşanan gərginliklər sürətlə aradan qalxmaqdadır.

elxan.jpg

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Azərbaycan ölkələrlə ikitərəfli əlaqələrin davamında hər zaman maraqlı tərəf kimi görünüb:

"Azərbaycan qonşu ölkələrlə, o cümlədən Rusiya və İranla normal münasibətlərdə, iqtisadi, ticarət əlaqələrinin inkişafında maraqlıdır. Hərbi təmaslar da bu baxımdan istisna deyil. Doğrudur, zaman-zaman Rusiyadakı şovinistlər, eləcə də İrandakı mühafizəkarlar, SEPAH-a bağlı media orqanları Azərbaycanı hədəf götürürlər. Amma Azərbaycan bunların hamısına artıqlaması ilə cavabını verir. Lakin bu o demək deyil ki, biz hansısa təmaslardan çəkinməliyik.

Görüş Moskvada keçirilib. Yəni bu görüşü də normal qiymətləndirmək lazımdır. Onsuz da zaman-zaman Azərbaycan-İran hərbçiləri sərhəddə görüşürlər, fikir mübadiləsi aparırlar. Burada qeyri-adi heç nə yoxdur. İran da, Rusiya da qonşu ölkələrimizdir. Xüsusilə, son günlərdə Azərbaycanla əməkdaşlıq barədə açıqlamalar səslənir. İran prezidentinin də ölkəmizə baxışı müsbətdir. İki dəfə Azərbaycanda səfərdə olub. Baxmayaraq ki, onun başı üzərindəki mühafizəkar qüvvələr yenə də Azərbaycanı hədəf götürürlər. Azərbaycan bu görüşlərə getməklə, görüşlər keçirməklə bir daha Rusiya və İrana göstərir ki, biz münasibətlərin normal axarında maraqlıyıq. Əgər siz tərəfdən Azərbaycana qarşı təxribat olacaqsa, bu təxribatların da cavabı layiqincə veriləcək".

Cavanşir ABBASLI
Musavat.com

Избранный
13
1
musavat.com

2Источники