RU

Şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı hökumətin qərarları var ŞƏRH EDİLDİ

ain.az bildirir, Sia Az portalına istinadən.

”Şəhid ailələrinin və qazilərin sosial müdafiəsi Azərbaycan dövlətinin sosial siyasətində prioritet istiqamətlərdən biridir. Cənab Prezident İlham Əliyev və Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələni daim diqqətdə saxlayırlar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onların statusunun hüquqi baxımdan müəyyənləşdirilməsi ilə bağlı qanunlar qəbul olunub: ”Eyni zamanda Cənab Prezidentin sərəncamları ilə onlara müxtəlif sosial imtiyazlar və xüsusi statuslar verilib. Şəhid ailələri üçün həm pensiya, həm də Prezident təqaüdü müəyyən olunub. Onların ailə üzvlərinə isə təxminən 20-yə yaxın müxtəlif imtiyazlar təqdim olunur və bu imtiyazlar sistemli şəkildə həyata keçirilir.

Şəhid ailələrinin mənzilə olan tələbatı dövlət tərəfindən qarşılanır. Artıq 15 minə yaxın şəhid ailəsi, qazilər və onların ailələri mənzillə təmin olunub. Bu proses sonuncu şəhid ailəsi mənzil alana qədər davam etdiriləcək. Onların müalicəsi, reabilitasiyası və hətta xarici ölkələrdə müalicə alması, övladlarının dövlət hesabına istər dövlət, istərsə də özəl ali təhsil müəssisələrində və ya xarici ölkələrdə təhsil alması da dövlət tərəfindən qarşılanır.

Şəhid ailələri və qazilər ictimai-siyasi tədbirlərdə, rayon və respublika səviyyəli mərasimlərdə fəal iştirak edən və cəmiyyətin hörmət göstərdiyi təbəqədir. Bu həm onlara olan diqqətdən irəli gəlir, həm də onların özləri bu proseslərdə fəallıq nümayiş etdirirlər. Şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı hökumətin qərarları var. Onların adlarına küçələr, parklar, məktəblər və digər sosial obyektlər verilir. Bütün şəhidlərin qəbirüstü abidələri dövlət hesabına inşa edilir, yas mərasimləri dövlət tərəfindən təşkil olunur. Bu cür diqqət və qayğı yeni nəslin tərbiyəsinə, onların vətənpərvər ruhda böyüməsinə böyük stimul verir.

Şəhid ailələri və qazilər üçün xüsusi imtiyazlar müəyyənləşdirilir və bu imtiyazlar praktiki olaraq həyata keçirilir. Onlara fərdi ev tikmək üçün güzəştli şərtlərlə kreditlər verilir, torpaq sahələri ayrılır, sahibkarlıqla məşğul olmaq istəyənlərə maliyyə dəstəyi göstərilir. Həmçinin, onların sanatoriya-kurort müəssisələrində müalicəsi, özünüməşğulluq proqramlarına cəlb olunması, uğurlu biznes fəaliyyəti üçün şəraitin yaradılması, işlə təminat məsələləri, ixtisar zamanı qorunması və digər sosial təminatlar da mövcuddur.

Cənab Prezident çıxışlarında daim şəhidlərimizi, qazilərimizi hörmətlə anır və onların xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayır. Çünki biz bu Qələbəyə, ərazi bütövlüyümüzün bərpasına görə canından keçən igidlərimizə borcluyuq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
sia.az

2Источники