Ceyhun Məmmədov: “...Tarixin unudulmaması, yadda saxlanılması, türk dövlətləri arasında birliyin, həmrəyliyin gücləndiriməsi baxımından olduqca vacib və önəmli məsələdir”
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında irəli sürdüyü təkliflərdən biri də birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində qeyd olunması ilə bağlı olub.
Prezident İlham Əliyev deyib: “Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim.
Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm”.
Qeyd edək ki, Birinci Türkoloji Qurultay 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultaydı. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Qurultayda qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. RSFSR tərkibində olan türk xalqları yeni türk əlifbasından istifadəyə başladılar.
Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş verən ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə - alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb.
Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu sədrlik edib, qurultayın Rəyasət Heyətinə - Səməd ağa Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rahim İnogomov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar seçiliblər. Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinin fəxri üzvü olublar.
Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi olub. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək repressiyaya məruz qalıb. Əksər alim və müttəfəkirlər həbs və fiziki məhvlə üzləşiblər. Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbaya keçidi isə 1939-cu ildə ləğv edilmiş və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq kiril əlifbalı yazı tətbiq edilib.
99 il bundan əvvəl Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi həm Azərbaycanın geniş mənada türkologiyanın əsas mərkəzlərindən biri, həm də türk dünyasını birləşdirən bir məkan olduğunu göstərir. Sirr deyil ki, tarixən türk dünyası ilə bağlı ən mühüm qərarlar əsasən Bakıda qəbul olunub. Eyni zamanda Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş tarixi hadisələrdən biri kimi tarixə düşüb. Qurultayda müzakirəyə çıxarılan ortaq türk xalqlarının dili, tarixi və ədəbiyyatı məsələləri bu gün də öz aktuallığını qoruyub saxlayır.
Bu baxımdan Prezident Əliyevin belə bir təkliflə çıxış etməsinin əhəmiyyəti böyükdür. Belə demək olarsa, bu qurultay türk dünyasının rəmzlərindən, dəyərlərindən biridir və tarixdə çox mühüm yeri var.
“Türk xalqlarının həyatında, taleyində mühüm rol oynayan bu mühüm hadisənin...”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə bu gün gedən proseslərə baxanda, qarşımızda duran ən vacib məsələlərdən biri türk dünyasının birləşməsi, daha da güclənməsi olduğunu görürük.
“Bu gün türk dünyası bu istiqamətdə ciddi şəkildə çalışmalıdır. Cənab Prezident də çıxışında vacib məsələləri və məqamları, ciddi proseslərin getdiyini vurğuladı. Bu proseslər bizi ciddi şəkildə narahat etməkdədir. Ona görə də türk dövlətlərinin birliyi çox önəmlidir.
1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay keçirildi və bu qurultayın keçirilməsi çox vacib və əhəmiyyətli idi. Biz bu Qurultayın ciddi nəticələrini də gördük. Türk xalqlarının həyatında, taleyində mühüm rol oynayan bu mühüm hadisənin 100 illik yubileyinin keçirilməsi çox vacibdir. Çünki biz dövlətlərimiz arasında əlaqələri, münasibətləri daha da inkişaf etdirməliyik. Bunun üçün atacağımız addım da bu əlaqələrin qorunması, müxtəlif tədbirlərin, görüşlərin, konfransların keçirilməsidir. O mənada düşünürəm ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi üçün cənab Prezident tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi tarixin unudulmaması, yadda saxlanılması, türk dövlətləri arasında birliyin, həmrəyliyin gücləndiriməsi baxımından olduqca vacib və önəmli məsələdir. Bu vacib məsələ bizim gündəliyimizdə olmalı və qalmalıdır”-deyə C.Məmmədov bildirdi.
Millət vəkili hesab edir ki, Birinci Türkoloji Qurultayın 100 illik yubleyinin TDT çərçivəsində keçirilməsi bir daha bizim ortaq mədəniyyətə, tarixə, mənəvi dəyərlərə bağlı olduğumuzu təsdiqləyən amillərdəndir.
İradə SARIYEVA