RU

Sumqayıt bulvarı: onu yerli sakinlərə və qonaqlara sevdirən səbəblər çoxdur

Bu gün ölkədə həyata keçirilən infrastruktur layihələrinin ən çox reallaşdığı şəhərlərdən biri də Sumqayıtdır. Sərmayə qoyuluşu baxımdan da Sumqayıt birincilər sırasındadır. Həmin layihələrdən biri də Sumqayıt Dənizkənarı bulvarının və şəhər çimərliyinin yaradılmasıdır. 

Xəzərin dalğalarının çırpıldığı sahillərdə belə bir bulvarın salınması ölkəmizdə insanların sağlamlığına, istirahətinin xoş və mənalı keçməsinə göstərilən qayğının təzahürüdür. Bu kompleks eyni zamanda Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından əhəmiyyətlidir.

Sumqayıt bulvarının ümumi sahəsi 110 hektara yaxındır. 5 kilometrdən artıq məsafə boyu uzanan bulvarın ərazisi dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə yerləşir. Ərazi boyu 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb, 160 mindən çox ağac və dekorativ kol, 2 milyon gül və çiçək əkilib.

Bulvarda kiçikölçülü gəzinti avtobusları üçün avtomobil yolu salınıb. Bununla yanaşı, 4 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, mağazalar və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb.

Bulvar kompleksində suvarma sistemləri avtomatlaşdırılıb. Bu sistem yaşıllıq zolaqlarının qorunmasında əvəzsiz rol oynayır. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib. Müxtəlif ölçülü 1500 işıq dirəyi və digər işıqlandırma sistemləri quraşdırılıb. Sakinlərin rahat istirahəti üçün 600-dən artıq oturacaq qoyulub. Oturacaqların qarşısında tariximizin müxtəlif nümunələri quraşdırılıb. Nağıl qəhrəmanlarımız, at və fayton, idman aksesuarları abidələşdirilib. 

Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb. Ötən illərdə ağaclar qollu-qanadlı olub və yay ayları buraya təşrif buyuranlar həmin kölgəlikdə istirahət edirlər. Bulvarda inşa edilən 5 rəngli fontan da ziyarətçilərin zövqünü oxşayır. 

Burada velosipedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu da salınıb. 4,2 kilometr yola asfalt döşənib, 30 hektar əraziyə daş döşənib. Ərazidə Bayraq meydanı tikilib, sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanənin tikintisinin aparılması nəzərdə tutulub. 

Xəzərin sahilindəki bu kompleks şəhərin simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın görməli yerlərinə daha bir ünvanın da əlavə edilməsi deməkdir.

Hazırda Xəzərin geri çəkilməsi səbəbindən bulvarda xoşagəlməz qoxu əmələ gəlib. Odur ki, əlaqədar təşkilatlar geri çəkilən əraziyə torpaq daşınmasına, təmizlik işlərinin genişləndirilməsinə başlayıblar. Onlarla maşın torpaq daşınaraq həmin əraziyə yayılır. Güman olunur ki, qoxu çəkiləcək. 

Dəniz sahilində yerləşdiyi üçün Sumqayıt da küləkli şəhərdir. Buna baxmayaraq, sumqayıtlılar təkcə isti yay günlərində deyil, digər fəsillərdə də bulvara gəzintiyə çıxırlar. Hətta yağışlı, qarlı günlərdə də bulvarda yüzlərlə insana rast gəlmək mümkündür. Payız olmasına baxmayaraq, bulvarda insan seli azalmır. Xüsusən yaxınlıqdakı yaşayış massivinin sakinləri öz istirahətlərini bulvarda keçirməyə üstünlük verirlər. 

Ötən dövrdə Sumqayıt bulvarının gözəlliyindən dünyanın müxtəlif yerlərində də xəbər tutublar. Bulvara "Global Trade Leaders" klubunun "Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı" (İnternational Europe Award for Quality) verilib. Mükafatı təsisatın baş katibi Rikardo Lopes qurumun Parisin "Meridien Etoile" hotelində keçirilən forumunda Sumqayıt nümayəndə heyətinə təqdim edib. Tədbirdə vurğulanıb ki, Sumqayıt bulvarı Azərbaycanda gedən quruculuq işlərinin bariz nümunəsidir. 9 il ərzində bulvar onlarla beynəlxalq tədbirin iştirak məkanına çevrilib.

Amma Sumqayıt bulvarının üstünlüyü təkcə sadalananlar deyil. Bu gün Sumqayıt bulvarında 500-dən çox yeni iş yeri açılıb. Yaxın bir neçə ildə işçilərin sayının 1000 nəfərə çatacağı gözlənilir.

Akif ƏLİYEV,

"Azərbaycan"

Избранный
61
azerbaijan-news.az

1Источники