RU

Qüdrətli Azərbaycana və yüksəlişə gedən yolun başlandığı tarix

Müstəqilliyimizin itirildiyi, dövlətçiliyimizin məhvolma təhlükəsi ilə üz-üzə qaldığı 1993-cü ilin ağır və keşməkeşli günləri orta və yaşlı nəslin yaxşı xatirindədir. Məhz Heydər Əliyevin həmin mürəkkəb dövrdə xalqın istəyi ilə siyasi hakimiyyətə qayıdışı təkcə hərbi-siyasi proseslərin gedişatını deyil, bütövlükdə tarixin gərdişini dəyişdi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə xalq rahat nəfəs aldı. Çünki böyükdən-kiçiyə hər kəs Heydər Əliyevə inanırdı və onun liderliyi ilə respublikadakı böhrana son qoyulacağına əmin idi.

Təsadüfi deyil ki, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri ərəfəsində də ümumxalq ovqatı Heydər Əliyevin namizədliyinin dəstəklənməsi üzərində formalaşmışdı. Həmin seçkidə iştirak edən seçicilərin 98,84 faizinin Heydər Əliyevə səs verməsi Ulu Öndərə olan milli etimadın təcəssümü oldu. Bu seçki tarixə müstəqilliyini bərpa etmiş respublikamızda keçirilən ilk demokratik səsvermə kimi düşdü və xalqımızın sərbəst siyasi iradəsinin şəffaf və parlaq təzahürünə çevrildi. 

1993-cü il oktyabrın 10-da Ulu Öndər Heydər Əliyev ilk dəfə müstəqil Azərbaycanın Prezidenti kimi Vətənə və xalqa sədaqət andı içdi. Bu gün həmin tarixdən 32 il ötür. Heydər Əliyevin andiçmə mərasimində etdiyi proqram xarakterli çıxış müstəqil Azərbaycan dövlətinin gələcək inkişafının yol xəritəsi idi. Bu çıxışda səslənən hər bir fikir hazırda uğurları ilə fəxr etdiyimiz respublikamızın yüksəlişinin ilk bəyan olunan konturları idi. 

Andiçmə mərasimində çıxışında göstərilən böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına minnətdarlığını bildirən Heydər Əliyev həyatının sonuna qədər xalqına sədaqətlə xidmət edəcəyini və bütün fəaliyyətini respublikamızın gələcək inkişafına sərf edəcəyini bildirdi. Ulu Öndər biliyini, təcrübəsini, xalqımızın və respublikamızın rifahına həsr edəcəyinə, prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirəcəyinə, ölkəmizin tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyinə, milliyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının qorunmasının, müdafiə edilməsinin, demokratik dəyişikliklərin, Azərbaycanın demokratik hüquqi dövlət kimi inkişaf etdirilməsinin  təminatçısı olacağına, dövlətimizin dünya birliyində ləyaqətli yer tutmasına çalışacağına, xalqımızın milli və mənəvi ənənələrinə daim sadiq olacağına and içdi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi qarşıda duran bütün taleyüklü vəzifələrin həyata keçirilməsi üçün tarixi siyasi-iqtisadi şərait formalaşdırdı. Məhz bundan sonra Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin edilməsi prosesi başladı. Ümummilli Liderin həyata keçirdiyi ilk tədbirlərdən biri isə ordu quruculuğu istiqamətində oldu. Andiçmə mərasimində bununla bağlı Ulu Öndər demişdi: "Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır". 

Heydər Əliyevin yaratdığı Azərbaycan Ordusu həmin dövrdə Ermənistanın artan işğalçı hücumlarının qarşısını uğurla aldı. O cümlədən cəbhənin müxtəlif istiqamətlərində düşmən geri otuzdurularaq, torpaqlarımız işğaldan azad olundu. 1994-cü ilin may ayında atəşkəsin elan olunmasından sonra isə ordu quruculuğu yeni mərhələyə daxil oldu. 

Heydər Əliyevin həyata keçirdiyi ilk tədbirlərdən biri də ölkədə ictimai-siyasi sabitliyin bərpası oldu. Azərbaycanın əvvəlki rəhbərliyinin buraxdığı kobud səhvlərin nəticəsində respublikamızın vətəndaş müharibəsi həddinə gəlib çatdığını deyən Ulu Öndər sabitliyin təmin olunması istiqamətində təxirəsalınmaz iş apardı. Qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı və Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.

Ulu Öndərin andiçmə mərasimində bəyan etdiyi əsas vəzifələrdən biri dövlət quruculuğu ilə bağlı oldu. Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik, qüdrətli dövlət modeli konsepsiyasını həyata keçirməyə baş-ladı, milli ənənələrə və ümumbəşəri dəyərlərə əsaslanaraq, demokratik və hüquqi dövlət quruculuğunu uğurla həyata keçirdi. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, demokratik prinsiplərə əsaslanan seçki sistemi formalaşdırıldı. Hüquqi islahatların nəticəsi kimi bu sahədə fəaliyyət göstərən dövlət orqanları yenidən formalaşdırıldı, ədalət mühakiməsini həyata keçirən məhkəmələr müasir meyarlar əsasında yenidən təşkil olundu. 

Andiçmə mərasimində Ulu Öndər iqtisadi sfera ilə də bağlı prioritetləri elan edərək dedi: "Respublikanın böyük iqtisadi-sosial, elmi-texniki potensialı vardır. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Bu baxımdan biz gələcək işimizdə bir tərəfdən yaranmış potensialdan səmərəli istifadə etmək, digər tərəfdən isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik". Siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf prioritetlərini də uğurla reallaşdırmağa geniş imkanlar formalaşdırdı. Ulu Öndərin başlatdığı iqtisadi və aqrar islahatların, müəllifi olduğu neft strategiyasının effektiv şəkildə həyata keçirilməsi qeyd olunan sahələrdə uğurların əldə olunması, respublikamızın ardıcıl inkişaf yoluna qədəm qoyması və dünya birliyində özünə layiqli yer tutması ilə nəticələndi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" respublikamızın iqtisadi inkişafının əsas hadisələrindən birinə çevrildi. 

Bütün bunlar Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin birinci dövrünün əsas siyasi-iqtisadi uğurlarıdır. Həmin  dövr ərzində Heydər Əliyev dünyanın 24 ölkəsinə rəsmi səfər edib, BMT, ATƏT, NATO, Avropa İttifaqı, İƏT kimi beynəlxalq təşkilatların ali tribunasından Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi 10 il isə tariximizə yüksəliş dövrü kimi yazıldı. Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsaslarını yaratdı, müstəqilliyimizin əbədi və sarsılmaz olmasını təmin etdi.

Heydər Əliyevin 32 il əvvəl andiçmə mərasimində elan etdiyi bütün siyasi, iqtisadi və sosial prioritetlər uğurla reallaşıb. Ulu Öndərin layiqli siyasi davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrilib. Prezident İlham Əliyevin müdrik rəhbərliyinin və qətiyyətli siyasətinin nəticəsi kimi torpaqlarımızın işğaldan azad olunması, ərazilərimizdə erməni separatçılığına son qoyulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həm də Heydər Əliyev ideyalarının təntənəsidir. Ötən 32 ilin bütün reallıqları, nail olduğumuz bütün uğurlar, qazandığımız bütün zəfərlər göstərir ki, Heydər Əliyev yolunun davam etdirilməsi regionda və dünyada söz sahibi olan, qlobal proseslərdə fəal iştirak edən güclü Azərbaycan deməkdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Избранный
46
azerbaijan-news.az

1Источники