Gələcəkdə məktəb və bütün bağçalarda "SİMA Access" üztanıma sisteminin tətbiqi planlaşdırılır. Belə ki, bir qisim bağçada bu həyata keçirilir.
Bu texnologiya uşaqların təhlükəsizliyini necə təmin edə bilər? Gələcəkdə bu texnologiyanın daha geniş yayılması təhsil sistemini necə dəyişə bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, müasir dövrdə texnologiya artıq təhsilin ayrılmaz hissəsinə çevrilib:
"Üztanıma sisteminin məktəb və bağçalarda tətbiqinin əsas məqsədi sadəcə davamiyyətə nəzarət deyil, eyni zamanda uşaqların təhlükəsizliyini artırmaq və valideynlərlə müəllimlər arasında şəffaf əlaqə qurmaqdır. Valideyn övladının məktəbə nə vaxt daxil olub-çıxdığını rahatlıqla izləyə, rəhbərlik isə davamiyyəti real vaxtda yoxlaya bilər. Bu, insan faktorundan qaynaqlanan səhvləri minimuma endirir və idarəetmədə operativlik yaradır.
Uşaqların təhlükəsizliyi baxımından bu sistemlər çox mühüm rol oynayır. Onların köməyi ilə məktəb ərazisinə icazəsiz şəxslərin daxil olması mümkünsüzləşir, hər kəsin identifikasiyası dəqiq aparılır. Dünyanın inkişaf etmiş ölkələrində, məsələn, Yaponiya və Cənubi Koreyada bu texnologiyalar artıq illərdir uğurla tətbiq olunur. Valideynlər xüsusi mobil tətbiq vasitəsilə övladlarının məktəbə giriş və çıxış vaxtlarını izləyir, bu da həm rahatlıq, həm də güvən hissi yaradır".
Həmsöhbətimizin sözlərinə görə, gələcəkdə belə texnologiyalar təhsilin keyfiyyətinə də təsir göstərəcək:
"Üztanıma sistemləri yalnız davamiyyət üçün deyil, şagirdlərin dərs zamanı diqqət səviyyəsini, emosional vəziyyətini və iştirak aktivliyini təhlil edə bilən süni intellekt modelləri ilə inteqrasiya oluna bilər. Bu, müəllimlərə dərs prosesini daha fərdiləşdirilmiş şəkildə idarə etmək imkanı verəcək. Beləcə, tədris “ağıllı məktəb” konsepsiyası istiqamətində inkişaf edəcək.
Bu prosesin ali təhsil müəssisələrində də tətbiqi məqsədəuyğundur. Universitetlərdə belə sistemlər həm təhlükəsizlik, həm də imtahanların şəffaflığı baxımından effektiv hesab olunur. Dünyanın bir çox qabaqcıl universitetlərində məsələn, ABŞ, Böyük Britaniya və Sinqapurda tələbələrin şəxsiyyətinin təsdiqi və imtahan nəzarəti üçün bu texnologiyalardan istifadə edilir. Lakin bütün hallarda şəxsi məlumatların qorunması və məxfilik prinsiplərinə ciddi əməl olunmalıdır.
Yekun olaraq demək istərdim ki, üztanıma sistemləri düzgün və etik şəkildə tətbiq olunduqda həm təhlükəsizliyin təmininə, həm valideynlərin məlumatlılığına, həm də təhsil müəssisələrinin idarəetmə keyfiyyətinin yüksəlməsinə töhfə verir. Texnologiyadan qorxmaq yox, onu insan mərkəzli şəkildə idarə etməyi öyrənmək vacibdir. Çünki gələcəyin məktəbləri “ağıllı” olduğu qədər, “insan yönümlü” də olmalıdır".