RU

Daha bir uşaq sahibsiz itlərin qurbanı oldu – Deputatlardan ÇÖZÜM TƏKLİFİ

Daha bir uşaq sahibsiz itlərin hücumunun qurbanı olub. Belə ki, Tovuz rayon sakini olan 10 yaşlı uşaq quduzluq xəstəliyi səbəbi ilə həyatını itirib. Bu artıq təkrarlanan neçənci faciıdir.

Bəs nə etməli?

Məsələyə münasibət bildirən Millət vəkili Elşad Musayev Bizim.Media-ya deyib ki, artıq dövlət qurumları qəti hərəkətə keçməlidir:

“Çünki sahibsiz itlərin insanlara hücum faktı günbəgün artır. Bizim yaşadığımız Binəqədi və Biləcəri ərazilərindən də dəfələrlə bununla bağlı şikayətlər olub. Biz də öz növbəmizdə şikayətləri müvafiq dövlət qurumlarına ünvanlamışıq.

Bir faktı da deyim ki, son zamanlar Xaçmaz və Qusar rayonlarında ayıların yerli sakinlərə hücumu qeydə alınıb. Bu da ciddi məsələdir. Çünki heyvanlar yaşadıqları ərazilərdə yem tapa bilmədikləri üçün insanlara hücum edir. Meşələrdə yemin olmaması isə ekoloji problemdir.

İtlərin hücumu isə həm də sosial problemdir. Çünki sahibsiz itlərə ümumi nəzarət yoxdur. Biz itlərin güllənməsinin qəti əleyhinəyik. Amma mümkündür ki, bəzi qurumlar sahibsiz itlərin yemlənməsi üçün layihələr həyata keçirsin. Bu layihələr hesabına həm itlər yemlənər, həm də onlar vaxtlı-vaxtında vaksinasiya olunar. Nəzərə alaq ki, Tovuzdakı uşaq quduzluq xəstəliyindən həyatını itirib. Bu isə o deməkdir ki, yerlərdə itlərin heç də hamısı quduzluq və digər xəstəliklərə qarşı vaksinasiya olunmur”.

Millət vəkili Fazil Mustafa isə bu məsələdə daha çox valideynləri günahlandırıb:

“Bir çox hallarda belə xoşagəlməz hadisələr valideyn məsuliyyətsizliyindən yaranır. Bəzi hallarda isə bölgələrdə səhiyyə infrastrukturunun lazımi səviyyədə olmaması səbəbilə biz bu problemləri yaşayırıq.
 

Bu mənada haqqında danışılan uşaq da adi bir hadisədən ölüb. İt dişliyən adamı dərhal həkima aparıb quduzluğa qarşı iynə vurdurmaq lazımdır. Amma valideynlər bu addımı gec atmaları səbəbindən belə bir faciə yaşadılar. Bundan da böyük cahillik varmı?!


Görünən odur ki, həkimlərə müraciətin gec edilməsi bütün müdaxilələri mənasız edib. Nəzərə alaq ki, hər zaman it olacaq, it adam da dişləyəcək... Buna görə itləri məhv etmək və yaxud onlarla təmasdan qaçmaq düzgün addım deyil. Sadəcə marifləndirməni gücləndirməliyik ki, körpə uşaqları nəzarətsiz qoymasınlar, uşaqlar itlərlə münasibətdə daha heyvansevər olsunlar, yaxud it dişləyən şəxs dərhal həkimə çatdırılmalıdır və s. Belə olarsa, bu cür üzücü hadisələr yaşanmaz”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
14
1
bizim.media

2Источники