RU

Ağdərədə yeni kütləvi məzarlıq aşkar edilib

Ağdərənin Ballıqaya kəndi ərazisində axtarışlar zamanı 10 və daha çox şəxsə aid olan qalıqlar aşkar edilib.

Bu barədə ərazidə jurnalistlərə məlumat verən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov bildirib ki, insan qalıqlarının aşkar edildiyi yerlər əlverişli döyüş mövqeyi olub: “Buradan Ballıqaya, Sırxavənd, Bəşirlər və Narışlar kəndlərini nəzarətdə saxlamaq olur. Birinci Qarabağ müharibəsi dövründə bu ərazilərdə qızğın döyüşlər gedib. Şahidlərin ifadələrinə görə, 1993-cü ilin yanvar ayında Ermənistan hərbçiləri Azərbaycan hərbçilərini mühasirəyə alıblar. Qeyri-bərabər döyüşdə könüllülərdən ibarət heyət qəhrəmancasına həlak olub, meyitləri Azərbaycan tərəfinə qaytarılmayıb.

Axtarışlar zamanı burada 10 və daha artıq insana məxsus qalıqlar aşkarlanıb. Bu, ilkin vəziyyətdir. Burada işlər davam etdiriləcək, ərazi daha geniş axtarılacaq. Qalıqlar götürüləndən sonra alt hissə bir də yoxlanılacaq. Bu sayın artacağı istisna olunmur”.

***

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə aşkarlanan kütləvi məzarlığı ziyarət ediblər.

Qonaqlara məlumat verilib ki, bu, işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış 29-cu kütləvi məzarlıqdır. Kütləvi məzarlıqda axtarış-qazıntı işi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış məlumatlar və şahid ifadələri əsasında aparılır.

İştirakçılar sonra ərazidə aşkarlanmış mina və partlamamış sursatların məhv edilməsi prosesini izləyiblər.

***

Beynəlxalq konfransın iştirakçıları oktyabrın 10-da Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər. Onlar vaxtilə azərbaycanlı əsir və girovların saxlandıqları, dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə tanış olublar.

Bildirilib ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra burada azərbaycanlı əsir və girovlar çox ağır şəraitdə saxlanılıb. Dövlət Komissiyasında olan məlumata görə, 400 nəfərə yaxın əsir və girov götürülmüş şəxs burada saxlanılıb. Onlardan 216 nəfəri komissiyanın səyləri nəticəsində azad olunub.

Həmin insanların böyük əksəriyyəti sonralar çəkdikləri əzab-əziyyət və mənəvi-psixoloji işgəncələr nəticəsində həyatlarını itiriblər. Həbsxanada saxlanılan əsir və girovlara çox dəhşətli şəkildə işgəncələr verilib. Burada ölən, öldürülən əsir və girovlar ərazidə qeyri-insani şəraitdə dəfn ediliblər.

2023-cü ildə bu ərazidə insan qalıqları aşkar edilib, üç mərhələdə qazıntı işləri aparılıb. Arxeoloqlar, antropoloqlar, eyni zamanda, məhkəmə tibbi ekspertləri əraziyə cəlb ediliblər. Ərazidə 31 nəfər insan qalığı aşkarlanıb.

XQ

Избранный
11
xalqqazeti.az

1Источники