Azərbaycanda "İslam bankçılığı pəncərələrinin" tətbiqi banklar üçün yeni gəlir mənbələri açacaq.
Day.Az bu barədə "Moody's" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, 2024-cü il oktyabrın 7-də Azərbaycan Mərkəzi Bankı (AMB, reytinqi Baa3, proqnoz "müsbət") İslam bankçılığı məhsullarının 2026-cı ildən etibarən ölkədə tətbiq ediləcəyini elan edib.
"Müvafiq dövlət qurumları ölkədə İslam maliyyəsinin inkişafı məqsədilə əlavə normativ tədbirlər üzərində işləyir. Bu çərçivədə Mülki Məcəlləyə, Banklar haqqında Qanuna və Vergi Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur. Əsas təkliflərdən biri İslam maliyyə əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsidir.
Yeni normativ hüquqi baza təsdiqləndikdən sonra ənənəvi banklar İslam bankçılığı xidmətlərini belə adlandırılan "İslam pəncərələri" vasitəsilə təklif edə biləcəklər. İlkin məqsəd bazarı şəriət normalarına uyğun məhsullarla tanış etmək və onların geniş tətbiqi üçün əsas yaratmaqdır. Mərkəzi Bank tətbiq prosesinə nəzarət edəcək və zərurət yarandıqda məhsul çeşidinin genişləndirilməsindən əvvəl tənzimləmələri dəqiqləşdirəcək",- deyə məlumatda qeyd olunur.
Analitiklərin fikrincə, təklif olunan dəyişikliklərin bankların mənfəətliliyini artıracağı və likvidliklə maliyyələşmə göstəricilərini yaxşılaşdıracağı üçün kredit reytinqləri baxımından müsbət qiymətləndirilir.
"Qırğızıstan Respublikasının təcrübəsi göstərir ki, bu kimi tədbirlərin uğurlu tətbiqi yerli banklar tərəfindən İslam maliyyə xidmətlərinin təklifini genişləndirə və maliyyə inklüzivliyinin səviyyəsini yüksəldə bilər. "İslam pəncərələrinin" tətbiqi Azərbaycan banklarına bazarın az əhatə olunan seqmentinə çıxış imkanı verəcək, sukuk (İslam istiqrazları) buraxılışı üçün normativ baza yaradılması isə onlara İslam maliyyə institutlarından vəsait cəlb etməyə, likvidliyi gücləndirməyə və onun idarə olunması üçün alətlər əldə etməyə şərait yaradacaq. Bundan əlavə, şəriət prinsiplərinə uyğun məhsulların təklifi banklar üçün yeni gəlir mənbələri formalaşdıracaq.
Hazırda Azərbaycanda tamamilə İslam prinsipləri ilə fəaliyyət göstərən bank və ya "İslam pəncərəsi" yoxdur. Hərçən ölkə əhalisinin 97 faizi (10,4 milyon nəfər) İslam dininə etiqad edir və bu, potensial tələbin yüksək olduğunu göstərir. Uyğun tənzimləmə mexanizminin olmaması isə bu sektorun inkişafını tarixi olaraq ləngidib. Bununla belə, yüksək tələbat fonunda əməliyyat və normativ çətinliklər yeni alətlərin tətbiqini müəyyən qədər yavaşıda bilər", -deyə Moody's bildirir.
Agentlik əlavə edib ki, Azərbaycan Beynəlxalq Bankı (ABB, reytinq Ba1, proqnoz "sabit") 2013-cü ildə kiçik və orta biznesə, eləcə də pərakəndə müştərilərə xidmət göstərmək məqsədilə İslam bankçılığı şöbəsi yaradıb, lakin bu təşəbbüs 2015-ci ildə dayandırılıb.
"Əgər cari plan gerçəkləşərsə, Azərbaycanda tam İslam bankları yaradıla və sukuk emissiyası hesabına kiçik və orta biznesin inkişafı, eləcə də infrastruktur layihələrinin maliyyələşdirilməsi dəstəklənə bilər.