Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan–Rusiya münasibətlərinin son dövrlər müşahidə olunan normallaşması prosesi regionda sabitliyin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçılarının Düşənbə görüşündə nümayiş etdirilən qarşılıqlı hörmət, üzrxahlıq jesti və konstruktiv dialoq iki ölkə arasında qarşılıqlı etimad mühitinin bərpa olunduğunu göstərir. Bu, təkcə Azərbaycan və Rusiya üçün deyil, ümumilikdə regional təhlükəsizlik arxitekturası üçün də müsbət siqnaldır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova səsləndirib.
Onun sözlərinə görə, bəzi Qərb dairələri və Rusiyada fəaliyyət göstərən proerməni qruplar iki ölkə arasında münasibətlərin gərginləşməsində maraqlı olublar. “Mən heç vaxt şübhə etməmişəm ki, Azərbaycan və Rusiya prezidentləri ortaq dil tapacaqlar. Siyasi və iqtisadi əməkdaşlıq son aylarda da dayanmayıb. Təəssüf ki, bəzi səriştəsiz şəxslər məsuliyyətsiz bəyanatlarla bu münasibətlərə zərbə vurmağa çalışdılar. Onlar guya dövlət strukturlarından Azərbaycana və azərbaycanlılara qarşı hörmətsiz mövqe sərgiləmək üçün “icazə” aldıqlarını düşünüblər. Əslində isə bu, həqiqətə uyğun deyil”, – deyə T.Poloskova vurğulayıb.
O qeyd edib ki, erməni lobbisinin nümayəndələrinin Rusiya informasiya məkanında uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, bu gün onların təsir imkanları əhəmiyyətli dərəcədə azalıb. “Mən “Krokus”da törədilmiş terror aktı ilə bağlı ASALA izinə dair versiyanı səsləndirəndə bəzi radikal erməni fəallar tərəfindən təhdidlər alsam da, erməni icmasının məsul nümayəndələri özləri mənə yazaraq bu təhdidlərə əhəmiyyət verməməyimi istədilər. Bu terror aktında erməni izi ehtimalını səsləndirməyimin səbəbi də hadisənin üslubu və eyni anda orada Azərbaycan diasporunun tədbirinin keçirilməsi idi”, – deyə politoloq bildirib.
Tatyana Poloskova vurğulayıb ki, Rusiya informasiya məkanında bəzi “ekspertlər” real vəziyyəti təhlil etmək əvəzinə, şəxsi reytinqlərini artırmaq məqsədilə qalmaqallı açıqlamalara üstünlük verirlər. Belə yanaşma isə nə dövlət maraqlarına, nə də peşəkar etika prinsiplərinə uyğun gəlir. Cənubi Qafqaz mövzularında çıxış edən bəzi “ekspertlər”in proqnozları reallıqla üst-üstə düşmür və belə şəxslər dövlətin reputasiyasına zərər vururlar.
“Azərbaycan–Rusiya münasibətlərinin sabitləşməsi hər iki dövlət, xüsusilə də Rusiya üçün həm siyasi, həm də iqtisadi baxımdan faydalıdır. Zəngəzur dəhlizi kimi yeni logistik imkanlar Rusiyanın regional iqtisadi maraqlarına əlavə üstünlüklər qazandıracaq. Mən bu ilin sonunadək azərbaycanlı tərəfdaşlarla birlikdə Bakıda kommersiya müəssisəsi açmağı planlaşdırıram və bunun doğru qərar olduğuna inanıram”, – deyə müşavir qeyd edib.
Politoloq əlavə edib ki, Moskvada azərbaycanlıların öldürülməsi ilə bağlı hadisə iki ölkənin müvafiq qurumları tərəfindən birgə araşdırılır. Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsində diaspor təşkilatları daha fəal olmalıdır. Onlar yalnız mədəni və idman tədbirləri ilə məhdudlaşmamalı, real hüquqi və ictimai fəaliyyət də göstərməlidirlər.
“Mən yaxşı bilirəm ki, Azərbaycanda ruslara qarşı heç vaxt ayrı-seçkilik olmayıb. Onlar Azərbaycanı sevir, bu ölkəni öz vətənləri hesab edirlər. Eyni zamanda, Rusiyada Azərbaycana, onun inkişafına hörmətlə yanaşan çoxsaylı insanlar var”, – deyə politoloq əlavə edib.
Tatyana Poloskova xatırladıb ki, Azərbaycan və Bakı nefti olmasaydı, İkinci Dünya müharibəsində qələbə mümkün olmazdı. “Mənim babam Ural Könüllü Tank Korpusunun döyüşçüsü olub və bunu çox yaxşı anlayıram”, – deyə ekspert bildirib.
Azərbaycan–Rusiya əməkdaşlığının qarşılıqlı maraqlara əsaslanan, strateji baxımdan mühüm tərəfdaşlıq olduğunu vurğulayan T.Poloskova bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.