RU

Analitik: Aİ-nin Gürcüstana qarşı daha sərt mövqe sərgiləməsi əks nəticə verə bilər

Gürcüstan tədricən Aİ-dən uzaqlaşıb, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışacaq

 Qərb Cənubi Qafqazdakı əsas tərəfdaşlarından birini itirə bilər

Gürcüstanın Avropa İttifaqı ilə münasibətləri son vaxtlar müzakirə mövzusuna çevrilib. Ölkənin Qərblə inteqrasiya siyasətində müəyyən dəyişikliklərin baş verdiyi müşahidə olunur. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili də qeyd edib ki, “Gürcüstanın cəzalandırılması və Avropa İttifaqından tam uzaqlaşdırılması başqasının maraqlarına daha uyğun olar, Brüsselin, Avropa İttifaqının və Avropanın öz maraqlarına yox”. Onun sözlərinə görə, bu münasibətlər birtərəfli deyil və Aİ-nin də Gürcüstana ehtiyacı var.
Bu çərçivədə Gürcüstanın xarici siyasət kursu və onun mümkün nəticələri yenidən diqqət mərkəzinə çıxır.

Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında Gürcüstanın Avropa İttifaqından bir mənalı şəkildə uzaqlaşdığı fikrinin tamamilə yanlış olduğunu söyləyib:

"Hazırkı hakimiyyət sadəcə olaraq əvvəlki illərlə müqayisədə Avropaya inteqrasiya siyasətini daha az vurğulayır və bu sahədə fəallıq göstərmir. Ancaq bu, Gürcüstanın Qərbdən tamamilə üz döndərməsi demək deyil. Əslində, bu daha çox balanslaşdırılmış xarici siyasət axtarışıdır ki, bu da mövcud geosiyasi reallıqlar fonunda başadüşüləndir.
2008-ci ildən etibarən Gürcüstan Avropa İttifaqına inteqrasiya kursunu götürüb və paralel olaraq Rusiyadan uzaqlaşmağa çalışıb. Bunun nəticəsində Abxaziya və Cənubi Osetiya məsələsi daha da mürəkkəbləşdi, Rusiya ilə münasibətlər isə xeyli pisləşdi. Lakin bu illər ərzində Gürcüstanın Aİ-yə tamhüquqlu üzv qəbul olunacağına dair real addımlar atılmadı. Proses bir növ Türkiyənin Aİ-yə üzvlük məsələsindəki durğun vəziyyəti xatırladır. Gürcüstanda isə cəmiyyətin və siyasi qüvvələrin bu məsələyə yanaşmaları fərqli olduğu üçün, konkret və vahid strategiya formalaşmayıb".

Ekspert Gürcüstanın bir növ Azərbaycanın da apardığı balanslı xarici siyasət kursuna keçid etdiyini qeyd edib: 
"Bu yanaşma müəyyən mənada daha rasionaldır. Azərbaycan məhz bu siyasət nəticəsində həm torpaqlarını işğaldan azad edə bildi, həm də beynəlxalq münasibətlər sistemində balanslı mövqe qoruyaraq diplomatik uğurlar qazandı. Təbii ki, həm səbəb, həm motivlər, həm də regional aktorların yanaşması baxımından Gürcüstanın münaqişəsi fərqlidir. Amma xarici siyasətdə doğru balans və ardıcıl xətt seçilərsə, uğurlu nəticələr mümkündür.
Hazırkı məqamda Aİ əgər Gürcüstana qarşı daha sərt mövqe sərgiləyəcəksə, bu, əks nəticə verə bilər. Gürcüstan tədricən Aİ-dən uzaqlaşıb, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışacaq. Bu isə nə Aİ-nin, nə də Qərbin maraqlarına uyğundur.

Politoloq Cənubi Qafqazda geosiyasi mövcudluğun saxlanması, həm coğrafi mövqeyi, xüsusən də Qara dənizə çıxışı, həm də regiondakı tranzit və təhlükəsizlik layihələrindəki rolu baxımından Gürcüstanın açar ölkələrdən biri olduğunu vurğulayıb:
"Belə bir şəraitdə Aİ-nin Gürcüstanla münasibətləri konstruktiv və strateji maraqlara əsaslanan şəkildə qurması vacibdir. Əks halda, Qərb Cənubi Qafqazdakı əsas tərəfdaşlarından birini itirə bilər".
Избранный
1
1
sherg.az

2Источники