Hər iki ölkə bir-birini təxribatda ittiham edir...
Poliqon xəbər verir ki, Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəd bölgəsində yenidən silahlı toqquşmalar qeydə alınıb. Associated Press agentliyinin məlumatına görə, Pakistan hakimiyyəti qonşu ölkənin silahlı qüvvələrini “səbəbsiz atəş açmaqda” ittiham edib. Cavab olaraq Pakistan artilleriyası Əfqanıstan ordusuna məxsus tankları və hərbi postları hədəfə alıb. Bu, son bir həftə ərzində iki ölkə arasında sərhəddə baş verən ikinci silahlı insidentdir.
Pakistanın dövlət mediasının yaydığı məlumata görə, Əfqanıstan Silahlı Qüvvələri və Pakistan Talibləri birlikdə Pakistanın sərhəd postuna atəş açıblar. Buna cavab olaraq, Xayber-Paxtunxva əyalətinin Kurram bölgəsində Pakistan ordusu əks-hücum həyata keçirib və Taliblərə məxsus iri təlim bazasının məhv edildiyini bildirib.
Toqquşmalar bazar günü Səudiyyə Ərəbistanı və Qətərin atəşkəs çağırışlarından sonra formal olaraq dayandırılsa da, Pakistan və Əfqanıstan arasında bütün sərhəd-keçid məntəqələri hələ də bağlı qalır.
Həftəsonu Əfqanıstan rəsmiləri açıqlama yayaraq, Pakistan ordusuna məxsus bir neçə hərbi posta zərbə endirdiklərini və 58 pakistanlı əsgərin öldürüldüyünü iddia ediblər. Kabul bu hücumları “Əfqanıstan ərazisinə və hava məkanına təkrar-təkrar müdaxilələrə cavab” adlandırıb.
Pakistan ordusu isə 23 hərbçisini itirdiyini, eyni zamanda cavab atəşi nəticəsində 200-dən çox talibin və “onlarla əlaqəli terrorçunun” zərərsizləşdirildiyini bildirib. Gərginlik ötən həftədən davam edir – o zaman Taliban rəhbərliyi Pakistana qarşı ittihamlar irəli sürərək, İslamabadın Kabula və ölkənin şərq bazarlarına aviazərbələr endirdiyini demişdi. Pakistan isə bu iddiaları rədd edib.
Polion.info