RU

Ramiz Mehdiyev hazırda da çox mühüm bir vəzifə tutur

Barəsində Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə cinayət işi başlanan və məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev təkcə Prezident Administrasiyasının sabiq rəhbəri və Milli Elmlər Akademiyasının sabiq prezidenti deyil.

Olaylar.az Medianews.az-a istinadən bildirir ki, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyev hazırda da çox mühüm bir vəzifə tutur: o, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvüdür. 

Təhlükəsizlik Şurasına Prezident İlham Əliyev sədrlik edir, üzvlərin və katibin təyinatı onun səlahiyyətindədir. 

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə 2019-cu ilin oktyabrında daxil edilib.

Məşvərətçi orqan olan Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır.

Təhlükəsizlik Şurasının əsası 1991-ci ildə qoyulub, ancaq qurum 1992-ci ilin martından fəaliyyət göstərməyib. 1997-ci ildə Təhlükəsizlik Şurası yenidən yaradılıb. Prezident yanında məşvərətçi orqan kimi qurulan şuranın katibi funksiyalarını administrasiya rəhbəri yerinə yetirib. 

2019-cu il iyunun 20-də general-polkovnik Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin olunub, iyulun 11-də Təhlükəsizlik Şurası haqqında əsasnamə, sentyabrın 11-də Təhlükəsizlik Şurası Katibinin Xidməti haqqında əsasnamə təsdiqlənib.

Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasını bitirib. Fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

"Xəzərdənizneft" İdarəsində çalışıb, Azərbaycan Dövlət Universitetinin müəllimi olub. 1965-ci ildən Azərbaycanın mərkəzi komsomol təşkilatında təlimatçı, 1967-ci ildən Naxçıvan Muxtar Respublikasının komsomol təşkilatında ikinci katib olub. 1974-1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işləyib. 1978-1980-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi olub. 1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən katibi postlarında çalışıb. 1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.

1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
34
olaylar.az

1Источники