BAKI, 15 oktyabr. TELEQRAF
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı aparılan istintaq diqqət mərkəzindədir. Bu araşdırmaları Dövlət Təhlükəsizlik Xidməti aparır. Bu o deməkdir ki, Ramiz Mehdiyevlə bağlı olan məsələlər çox ciddidir.
Bunu Teleqraf-a istiqlalçı deputat, iqtisadçı alim Vahid Əhmədov deyib.
Onun sözlərinə, əvvəlcədən nəsə demək çətin olsa da bütün məsələlər araşdırılacaq: “Məsələlər nə ilə əlaqəlidir, hamısı bilinəcək. Çünki irəli sürülən ittihamlar çox ağırdır. Hətta dövlət çevrilişinə cəhdlə bağlı ittihamlar mövcuddur. O cümlədən, korrupsiya və rüşvət faktları var. Bunların hamısı sözsüz ki, araşdırılmalıdır. Məsələ əgər bu səviyyəyə qalxıbsa, bu, işin ciddiliyindən xəbər verir”.
Vahid Əhmədov bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən zamanında Ramiz Mehdiyevə çox böyük hörmət göstərilib: “Hətta Prezident Administrasiyasındakı vəzifəsindən yola salınarkən o, ən yüksək mükafat olan Heydər Əliyev ordeni ilə təltif edildi. Bütün bunların qarşısında belə əməllərə yol verilibsə, kimliyindən, hansı vəzifə tutmasından asılı olmayaraq o, mütləq cavab verməlidir. Hazırda onunla bağlı istintaq aparılır, ona görə də bunun nəticələrini gözləmək lazımdır. Araşdırmalar yəqin ki, ictimiayyətə açıqlanacaq. Nə ilə əlaqədardır, kiminlə əlaqədə olub, nə işlər görüblər və sair məlumatlar veriləcək”.
“Ümumiyyətlə isə belə bir yüksək ranqda olmuş dövlət məmurunun belə bir addım atması qeyri-etikdir. Bu, millətə, dövlətə yaraşmayan hərəkətdir. Eyni zamanda bu, dövlət başçısına qarşı atılan addımdır. Korrupsiyanı, əmlak məsələlərini və sair bir kənar qoyuram, bunlar başa düşüləndir və aydındır. Amma dövlətə, onun suverenliyinə qəsd etmək, dövlət çevrilişinə cəhd kimi məsələlər qəbuledilməzdir. Ona görə də bu işi tutan hər bir şəxs cavab verməlidir”, - deyə iqtiqlalçı deputat əlavə edib.