RU

Küçələrə adlar artıq bu qaydada veriləcək

Yazını böyüt
Yazını kiçilt

Küçə və prospektlərə ad verilməsi zamanı yalnız ictimai razılıq deyil, həm də dil qaydalarına uyğunluq və ədəbi dilin qorunması əsas şərt kimi tətbiq ediləcək

Küçə və prospektlərə ad verilməsi zamanı mühüm yenilik tətbiq olunacaq. Bununla bağlı Milli Məclisində “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Layihədə mühüm yeniliklərdən biri prospekt, küçə, meydan və digər ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normalarının nəzərə alınması ilə bağlıdır.

Hafta.az xəbər verir ki, bu dəyişiklik, artıq birinci oxunuşda qəbul edilib və onun tətbiqi ölkə üzrə toponimlərin dil qaydalarına uyğunlaşdırılmasını təmin edəcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, prospekt, küçə, meydan və digər ərazi vahidlərinə ad verilməsi və adlarının dəyişdirilməsi yalnız həmin ərazidə yaşayan əhalinin rəyi nəzərə alınmaqla həyata keçirilir. Qanunun 12-ci maddəsinə uyğun olaraq yeni inzibati ərazi vahidinin yaradılması, habelə inzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi halları istisna olmaqla, ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:

- ərazi vahidinə ad verilməsinə və onun adının dəyişdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı və müvafiq icra hakimiyyəti orqanı yanında şura iclasının protokolu;

- müvafiq icra hakimiyyəti orqanının vəsatəti;

- müvafiq bələdiyyə orqanının ərazi vahidinin adının dəyişdirilməsinə dair qərarı

- ad verilməli və ya adı dəyişdirilməli olan ərazi vahidində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə);

- irəli sürülən təklifin məqsədəuyğunluğunun əsaslandırılmasını, təklif olunan adın izahını, poçt idarəsi və ya dəmir yol stansiyasının olmasını və onların adlarını göstərən izahat məktubu.

Mövcud qanunvericilikdə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını üç gün müddətində məlumatlandırırlar. Ərazi vahidinin adının dəyişdirilməsi zamanı yerli əhalinin rəyinin nəzərə alınmasına dair tələb ərazi vahidinin tarixi adının bərpa edilməsi hallarına şamil edilmir. Görkəmli dövlət və ya ictimai xadimlərin adları, bir qayda olaraq, yeni yaranmış ərazi vahidlərinə verilir. İki və ya daha artıq ərazi vahidləri bir ərazi vahidində birləşdirildikdə, bir qayda olaraq, birləşmiş ərazi vahidlərindən birinin adı saxlanılır. Ərazi vahidlərinə ad verilərkən və onların adı dəyişdirilərkən mövcud adların təkrarlanmasına yol verilmir. Adları dövlətin milli, tarixi, coğrafi və mədəni irsi ilə bağlı olan ərazi vahidlərinin adlarının dəyişdirilməsinə yol verilmir.

Mövzu ilə bağlı dilci-alim İsmayıl Məmmədli bildirir ki, ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi haqqında hər bir təklifə əvvəlcədən Milli Məclisi yanında Toponimiya komissiyası tərəfindən baxılır və bu barədə müvafiq qərar qəbul edilir:

“Ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi ümumdövlət mənafeləri, coğrafi, tarixi, milli və digər xüsusiyyətlər, habelə yerli əhalinin rəyi nəzərə alınmaqla həyata keçirilir. Küçə və prospektlərə ad verilməsi zamanı yalnız ictimai razılıq deyil, həm də dil qaydalarına uyğunluq və ədəbi dilin qorunması əsas şərt kimi tətbiq ediləcək. Bu dəyişiklik dil mədəniyyətinin qorunması və rəsmi yazılışlarda vahidlik təmin olunması baxımından olduqca mühüm addımdır”.

Избранный
69
hafta.az

1Источники