RU

Azərbaycan Qəzzaya sülhməramlı qüvvələr göndərir...(?)


İndoneziya, Azərbaycan və Pakistan Qəzza zolağında gələcək sabitləşdirici qüvvəyə qoşulmağa əsas iddiaçılardır. Bunu “Politico” nəşri ABŞ-ın hazırkı və keçmiş müdafiə rəsmilərinə istinadla yazıb. Vəzifədə olan rəsmi belə bir qüvvənin yaradılması üçün danışıqlar getdiyini, amma heç bir ölkənin öhdəlik götürmədiyini deyib. Amma daha çox marağı olduğunu deyən ölkələr var.

ABŞ prezidenti Donald Trampın Qəzzada sülhlə bağlı 20-bəndlik planında ərəb və digər tərəfdaşlarla birlikdə müvəqqəti sabitləşdirici qüvvənin yaradılması da var. Bu qüvvənin Fələstin polisinə təlim keçəcəyi, onu dəstəkləyəcəyi bildirilir. ABŞ Qəzzada Amerika qüvvələrinin olmayacağını bildirib. Türkiyənin müdafiə naziri Yaşar Güler ölkəsinin Silahlı Qüvvələrinin Qəzzada çoxtərəfli əməliyyat qüvvəsində iştiraka hazır olduğunu deyib. “Politico” yazır ki, belə bir qüvvənin qurulması aylarla çəkə bilər. Bir çox diplomatlar və təhlilçilər Trampın planının indiki fazadan çıxacağına belə skeptik yanaşırlar. Hazırkı atəşkəs mərhələsində bütün girovların qaytarılması nəzərdə tutulub. Nəşr Ağ evdən, İndoneziya, Pakistan və Azərbaycan səfirliklərindən məsələyə münasibət ala bilməyib: “Beynəlxalq sabitləşdirmə qüvvəsi Trampın HƏMAS və İsrail arasında müharibəyə son qoymaq və Qəzzanın son demilitarizasiyasına və yenidən qurulmasına yol açmaq planının mühüm tərkib hissəsidir. Amma belə bir qüvvənin hazır olmasına aylar lazımdır. Bayden administrasiyası dövründə Pentaqonda Yaxın Şərq üzrə yüksək vəzifəli vəzifədə çalışan Dan Şapiro, hansı ölkələrin prosesdə iştirak edəcəyi ilə bağlı bunları deyib: “Qərarın əldə edildiyi gündən iki-üç aya qədər bir perspektiv var”. ABŞ indilikdə atəşkəsi qorumaq və anklavda sabitlik yaratmaq səylərini əlaqələndirmək üçün İsrailə 200 əsgər göndərib. ABŞ Mərkəzi Komandanlığının tabeliyində olan qoşunlar İsraildə Qəzzanın şimalında yerləşən mülki-hərbi koordinasiya mərkəzində yerləşdirilir. Koordinasiya mərkəzində Misir, Qətər və Əmirlik qoşunlarının da yerləşəcəyi gözlənilir. Misir qüvvələri hazırda Qəzzada ölən girovların cəsədlərinin çıxarılmasına yardım edir. Keçmiş müdafiə rəsmisi bildirib ki, İndoneziya və Azərbaycanla koordinasiya sabitləşmə səylərinə bir qədər mürəkkəblik qatır, çünki onlar CENTCOM-un məsuliyyət zonasında deyillər.

HƏMAS oktyabrın 8-də sülh şərtləri ilə razılaşdı və qalan 20 girovu azad etdi, lakin əsirlikdə ölənlərin 28 cəsədindən yalnız yeddisini təhvil verdi. İsrail bildirib ki, HƏMAS ölən əsirlərin qaytarılmasını gecikdirməklə razılaşmanı pozur. ABŞ və onun müttəfiqləri indi planın növbəti mərhələsini - HƏMAS-ın silahlarından imtina etməsini həyata keçirməyə çalışırlar. “Hamı deyir ki, HƏMAS-ı tərk-silah etməyəcəklər. Yox, onlar tərk-silah ediləcəklər”, – prezident Donald Tramp Argentina prezidenti ilə Ağ Evdə keçirilən tədbirdə deyib. “HƏMAS ilə danışdım və dedim ki, sizi tərk-silah ediləcəksiniz, elə deyilmi? “Bəli, ser, biz tərk-silah oalacaqğıq”. Mənə belə dedilər ki, tərksilah olunacaqlar, yoxsa biz onları tərk-silah edəcəyik”, - deyə Tramp bildirib”. Keçmiş Bayden rəsmisi Şapiro iddia etdi ki, indi sabitləşdirmə qüvvələrinin konturlarının yaradılması ABŞ-ın səyləri növbəti mərhələyə keçirmə qabiliyyəti ilə bağlı problemləri aradan qaldırmağa kömək edə bilər”. Burada xatırladaq ki, oktyabrın 13-də Misirdəki sülh sammitinə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq məsələlərdə ədalətli mövqeyi, hər zaman sülhün tərəfində olması ölkəmizə olan diqqəti artırıb. Azərbaycan prezidentinin Misirdə keçirilən Qəzza sammitində iştirakı da bununla bağlıdır. Azərbaycan Yaxın Şərq sülh gündəliyinə yalnız müsbət töhfə verə bilər. Ölkəmiz uzun müddət işğaldan, münaqişədən və humanitar fəlakətdən əziyyət çəkən tərəf kimi bütün regionlarda sabitliyi və dayanıqlı təhlükəsizliyi dəstəkləyir. Şübhəsiz ki, Yaxın Şərqdə keçirilən sülh sammiti tarixi əhəmiyyət daşıyır. Burada imzalanan yekun sənəd uzunmüddətli münaqişəyə son qoymağa hesablanıb. Belə tarixi bir hadisənin iştirakçıları arasında yer almaq Azərbaycanın diplomatik üstünlüyüdür. Son dövrlərdə İsrail-Suriya, Türkiyə-İsrail arasında vasitəçilik təşəbbüsləri Azərbaycanın beynəlxalq aləmdəki etimadını daha da artırıb. Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu günlərdə qeyd edib ki, prezident İlham Əliyevin Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etməsi Azərbaycanın artan regional rolunun və orta güc kimi qlobal xarici siyasətinin təzahürüdür. O qeyd edib ki, Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından bütün tərəflər üçün arzuolunan tərəfdaşdır. Ümumyyətlə, Azərbaycan özünün praqmatik siyasi xətti və iqtisadi inkişafı ilə dünya birliyində layiqli yerini tutub. İndi isə ölkəmiz Qəzza zolağına sülhməramlı qüvvələr göndərməklə, burada sabitliyə əlavə töhfələr verəcək.

Nahid SALAYEV

Избранный
137
26
baki-xeber.com

10Источники