“Moskva və Vaşinqtonun birliyini rəmzləşdirmək üçün Rusiya və ABŞ-ni Berinq boğazı vasitəsilə tunellə birləşdirmək zəruridir”.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Amerikanın 35-ci prezidenti Con Kennedinin belə tunel planını özündə əks etdirən dərc olunmuş sənədlərinə diqqəti cəlb edən fond rəhbəri xatırladıb ki, sovet-Amerika layihəsi o zaman “Kennedi-Xruşşov sülh körpüsü” adlandırılmalı idi. Bu baxımdan Dmitriyev yeni layihəni “Putin-Tramp tuneli” adlandırmağı təklif edib.
Onun sözlərinə görə, nəqliyyat dəhlizi resursların birgə inkişafı üçün imkanlar açmalıdır. Bundan başqa, 112 kilometrlik tunel iş yerləri yaradacaq və hər iki ölkənin iqtisadiyyatına təkan verəcək. O, əlavə edib ki, layihənin dəyəri ənənəvi hesablamalar olan 65 milyard dollardan xeyli aşağı ola bilər. Fond rəhbərinin fikrincə, amerikalı milyarder İlon Maskın “The Boring Company” texnologiyasından istifadə edərək, tunel 8 milyard dollardan aşağı qiymətə salına bilər.
Dmitriyevin hesablamalarına görə, layihənin həyata keçirilməsi təxminən səkkiz il çəkəcək. “Gəlin, gələcəyi birlikdə quraq!”, – deyə Rusiya prezidentinin xüsusi nümayəndəsini çağırış edib.
Maraqlıdır ki, Dmitriyev öz təklifini bir gün əvvəl, oktyabrın 16-da Tramp və Putin arasında baş tutan növbəti telefon danışığından sonra səsləndirib. Tramp etiraf edib ki, Putinlə telefon söhbəti zamanı Ukraynada müharibənin başa çatması ilə yanaşı Rusiya ilə ABŞ arasında qarşılıqlı ticarətin müzakirəsindən danışıblar.
Xatirə SADİQ