RU

Tibb müəssisələrində antibiotiklə bağlı qadağanın gerçək SƏBƏBİ -Kadr var, şərait yox?

Son dövrlərdə ölkəmizdə antibiotiklərin istifadəsi ilə bağlı yaranan ziddiyyətlər, əhali arasında ciddi çaşqınlıq yaradır.

Day.Az xəbər verir ki, Bizim.Media olaraq bu məsələni bir neçə dəfə işıqlandırmışıq, lakin hələ də məsələnin bəzi qarışıq tərəfləri qalır və TƏBİB bu məsələyə tam aydınlıq gətirə bilmir.

Məsələn, həkimlər tərəfindən asanlıqla reseptlə təyin olunan antibiotiklər və onların vurulması ilə bağlı yaranan çətinliklər həyəcan təbili çalır. Bəzi tibb müəssisələrində bu prosedurlar qadağan edilib, xüsusilə poliklinikalar və qadın məsləhətxanalarında bu prosedurların həyata keçirilməsinə birmənalı olaraq icazə verilmir.

Bu vəziyyətin səbəbi nədir? Əgər inyeksiya və infuziya kimi prosedurlar tibbi protokollarda yer alan standart xidmətlərdirsə, niyə bu xidmətlər daha yaxın tibb məntəqələrində əlçatan deyil? Poliklinikalarda və digər tibb məntəqələrində uyğun tibbi şəraitin olmaması, yoxsa bu xidmətləri həyata keçirəcək mütəxəssislərin, yəni kadr çatışmazlığının səbəbidir?

TƏBİB-in Bizim.Media-nın suallarına verdiyi açıqlamaya görə, bu xidmətlərin həyata keçirilməsi üçün müəyyən tibbi və hüquqi tələblər mövcuddur. Açıqlamada qeyd edilir ki, antibiotiklərin vurulması zamanı allergik reaksiyalar, anafilaktik şok və digər ağırlaşmalar baş verə bilər. Bu halda isə operativ müdaxilə və həkim nəzarəti tələb olunur. Bu prosedurların təhlükəsiz həyata keçirilməsi üçün reanimasion tədbirlər və təcili tibbi avadanlıqların olması zəruridir. Həmçinin, poliklinikalar və tibb məntəqələrinin fəaliyyət istiqamətinə uyğun olaraq yalnız profilaktik baxışlar, yüngül ambulator müalicələr, konsultasiyalar və yönləndirmə funksiyaları təmin edilir. İnvaziv prosedurlar isə ikinci səviyyə (ambulator-stasionar) xidmətlərə aiddir.

Bütün bunlar nəzərə alındıqda, sual yaranır: Bəs niyə evlərə tibb bacısı çağırmaqla bu təhlükəli iynələr vurulur? Bu halda nəzarət mexanizminin olmaması ciddi narahatlıq doğurur. Çünki tibb bacıları, poliklinikalarda bu prosedurları həyata keçirməkdən çəkinərək evlərə gedir, çünki bu zaman onlara qarşı heç bir cəza tətbiq olunmur. Beləliklə, pasiyent, aptekdən aldığı reseptlə yazılmış preparatları evində tanış tibb bacısına vurdura bilər.

Bu vəziyyət, əlbəttə, tibb sisteminin zəifliklərini və nəzarət mexanizmlərinin çatışmazlığını göstərir. Tibbi protokolların tətbiqi, yalnız poliklinikalar və tibb məntəqələri ilə məhdudlaşmamalıdır. Çünki evlərdə, heç bir nəzarət olmadan antibiotiklərin vurulması ciddi təhlükə yarada bilər.

Xüsusilə ucqar kəndlərdə tibbi xidmətlərə əlçatanlıq çox məhduddur. Bu vəziyyətdə, antibiotik vurmaq və digər tibbi prosedurları həyata keçirmək üçün insanlar mərkəzi xəstəxanalara getməyin əvəzinə, bəzən tanış tibb bacılarından istifadə edir. Bu da öz növbəsində tibbi riskləri artırır və xəstəliklərin düzgün müalicə edilməməsinə səbəb ola bilər.

Bu məsələyə nəzarət mexanizmlərinin gücləndirilməsi və tibbi xidmətlərə çıxışı artırmaq üçün, xarici ölkələrdə tətbiq olunan cərimə və cəzaların ölkəmizdə də tətbiq olunması vacibdir. Beləliklə, tibb bacıları və digər tibbi işçilər daha ciddi məsuliyyət daşıyacaq və evlərə tibbi xidmət göstərmə imkanı daha təhlükəsiz olacaq.

Избранный
94
day.az

1Источники