RU

“17 oktyabr dövlətin gücünü bir daha nümayiş etdirdiyi gündür” - ŞƏRH EDİLDİ

“Bu gün 17 oktyabr Azərbaycanda Füzuli Şəhəri Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən hər il bu tarix Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gün kimi rəsmi şəkildə qeyd edilir. Bu gün həm Azərbaycan xalqının qəhrəmanlığının, həm də torpaqlarımıza qayıdışın təntənəli rəmzidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

​Onun sözlərinə görə, ​Füzuli Şəhəri Gününün qeyd olunması yalnız tarixi qələbəmizin xatırlanması deyil, həm də azad edilən torpaqlarda aparılan bərpa və quruculuq işlərinin simvoluna çevrilib:

“Prezident İlham Əliyev bu münasibətlə Füzuli şəhərinə səfər etmiş, şəhərə köçən ilk sakinlərlə görüşərək demişdir: “Bu gün həm şəhər günüdür, həm də Füzulinin işğaldan azad olunmasının ildönümüdür. Bu torpaqlara həyat qayıdır”. Hazırda Füzuli şəhərində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni yollar salınır, enerji və su təchizatı sistemləri bərpa olunur, müasir yaşayış kompleksləri inşa edilir. Xüsusilə Füzuli Beynəlxalq Hava Limanı bu bölgənin strateji əhəmiyyətini daha da artırır. Hava limanı 2021-ci ilin oktyabrında istifadəyə verilmiş və bölgənin inkişafında mühüm rol oynamışdır. Bütün bu layihələr azad edilmiş torpaqların sürətlə bərpa olunması və əhalinin doğma yurdlarına qayıdışı istiqamətində dövlət siyasətinin əsas hissəsini təşkil edir. Eyni zamanda, ​“Füzulinin azad olunmasına görə” medalı təsis edilərək, bu qələbədə iştirak edən hərbçilərin şücaəti dövlət səviyyəsində qiymətləndirilmişdir. Bu gün Füzuli yalnız azad edilmiş bir şəhər deyil, həm də dirçəlişin, yenilənmənin və milli birliyin simvoludur. 17 oktyabr təkcə bir qələbə tarixinin ildönümü deyil, həm də Azərbaycanın gələcəyə inamla addımladığı, xalqın iradəsini və dövlətin gücünü bir daha nümayiş etdirdiyi gündür”.

Müəllif: Arzu Qurbanlı
Избранный
9
2
sia.az

3Источники