RU

Mehriban Əliyevanın nümunəvi diplomatik üslubu: Sülh, humanizm və tolerantlıq

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan uzun illərdir multikulturalizm və tolerantlıq siyasəti yürüdür. Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfəri də bu siyasətin qlobal səviyyədə təqdimatlarından biridir. Mehriban Əliyevanın fəaliyyəti uzun illərdir humanizm və "yumşaq güc" diplomatiyasının parlaq nümunəsidir. Onun Vatikan səfəri də məhz bu xəttin davamıdır. Burada məqsəd yalnız dövlətlərarası münasibətləri möhkəmləndirmək deyil, həm də xalqlar arasında qarşılıqlı anlayış, hörmət və mənəvi yaxınlıq yaratmaqdır. Bu, mədəniyyət, incəsənət və humanizm vasitəsilə diplomatik körpülərin qurulmasıdır. Aparılan siyasət həm müxtəlif sivilizasiyalar arasında körpü rolunu möhkəmləndirir, həm də Azərbaycanın yalnız öz milli irsinə deyil, bəşəri dəyərlərə və dünya mədəniyyətinə də hörmətini nümayiş etdirir.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Mehriban Vəliyeva da hesab edir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri təkcə diplomatik protokol xarakteri daşımır, həm də ölkəmizin dünyada mədəniyyətlərarası dialoqun, humanitar əməkdaşlığın və multikultural dəyərlərin qlobal müdafiəçisi kimi mövqeyini daha da gücləndirir:

"Bu səfər Azərbaycanın tolerantlıq modeli və müxtəlif dinlərə hörmət prinsipi əsasında qurulan dövlət siyasətinin bariz nümunəsidir. Xüsusilə Vatikanda bir sıra dini və tarixi abidələrin məhz Azərbaycanın dəstəyi ilə, Mehriban Əliyevanın təşəbbüsü əsasında bərpa edilməsi müasir dövrdə nadir görünən humanist və inklüziv xarakterli beynəlxalq əməkdaşlıq formasıdır. Bu addım Azərbaycanın təkcə öz milli-mədəni irsinə deyil, həm də bəşəriyyət üçün dəyər daşıyan tarixi irsin qorunmasına töhfə verdiyini nümayiş etdirir".

"Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir ki, dünyanın müxtəlif ölkələrində dini-mədəni abidələrin bərpası, təhsil və humanitar layihələrin həyata keçirilməsi ilə beynəlxalq arenada böyük rəğbət qazanıb. Roma katakombalarının, Strasburq kilsəsinin, Luvr Muzeyində İslam incəsənəti bölməsinin yaradılması kimi təşəbbüslər Azərbaycanın humanitar diplomatiyasının strateji istiqamətlərini formalaşdırıb. Bu siyasət nəticəsində Azərbaycan "mədəniyyətlərarası körpü" rolunu üzərinə götürərək, dinlərarası dialoqu təşviq edən aparıcı dövlətlərdən birinə çevrilib. Bu model həm Avropa, həm də digər regionlarda Azərbaycanın nüfuzunu artırıb, ölkəmizi sabitlik, tolerantlıq və əməkdaşlıq ünvanına çevirib", - deyə deputat vurğulayıb.

Millət vəkili bildirib ki, Vatikana səfər zamanı keçirilən görüşlər və müzakirələr göstərdi ki, Azərbaycan və Müqəddəs Taxt-Tac arasında münasibətlər artıq sadəcə mədəni əməkdaşlıqla məhdudlaşmır, daha geniş siyasi və humanitar platformaya çevrilir:

"Mehriban Əliyevanın çıxışlarında vurğuladığı multikulturalizm və həmrəylik ideyaları hazırkı geosiyasi gərginliklər fonunda daha böyük aktuallıq kəsb edir. Müxtəlif etnik və dini qrupların sülh şəraitində yaşadığı Azərbaycan modeli dünyada nümunə kimi təqdim olunur və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu, həm də ölkəmizin xarici siyasətində "yumşaq güc" elementlərinin uğurla tətbiqinin nəticəsidir".

"Azərbaycanın dünya arenasında müsbət imicinin formalaşmasında Mehriban Əliyevanın şəxsi diplomatik üslubu mühüm rol oynayır. O, rəsmi platformalarda yüksək səviyyəli dövlət xadimi kimi çıxış etməklə yanaşı, müxtəlif mədəniyyət və dinlərin nümayəndələri ilə humanist dialoq qura bilir. Bu, kommunikasiya bacarığı, etimad yaratmaq qabiliyyəti və humanitar düşüncə tərzi ilə birləşərək, Azərbaycanın qlobal proseslərdə fəal iştirakını təmin edir. Fondun təşəbbüsləri sayəsində həyata keçirilən bərpa layihələri Azərbaycanın sülhə, mədəni irsə və bəşəri dəyərlərə sadiqliyini təsdiq edir. Bütün bunlar Azərbaycanın multikulturalizm siyasətinin sadəcə daxili prioritet deyil, eyni zamanda xarici siyasətin əsas istiqamətlərindən biri olduğunu göstərir. Vatikanda aparılan yüksək səviyyəli dialoq və əməkdaşlıq təşəbbüsləri regiondakı digər dövlətlər üçün də nümunə təşkil edir. Bu platforma həm də Azərbaycanın beynəlxalq humanitar gündəliyini gücləndirir, ölkəmizin sülh, mədəni irsin qorunması, dini dözümlülük və qlobal həmrəylik kimi dəyərlərə verdiyi töhfəni ön plana çıxarır. Nəticə etibarilə, Mehriban Əliyevanın uzun illər ərzində həyata keçirdiyi layihələr və təşəbbüslər Azərbaycanın beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunmasına mühüm şəkildə təsir edib. Bu fəaliyyət nəticəsində ölkəmizə olan etimad artıb, Azərbaycan sivilizasiyalararası dialoq mərkəzi kimi tanınıb. Vatikana səfər və orada həyata keçirilən bərpa işləri Azərbaycanın mədəni diplomatiyasını yeni mərhələyə yüksəldərək, dövlətimizin nüfuzunu daha da möhkəmləndirib. Beləliklə, humanitar əməkdaşlıq və multikulturalizm dəyərlərinə söykənən bu strategiya Azərbaycanın qlobal səviyyədə davamlı siyasi və ideoloji təsir imkanlarını genişləndirir", - deyə parlamentari fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
116
oxu.az

1Источники