Bakı, 20 oktyabr, AZƏRTAC
Bərabərlik anlayışı qadın və kişilərin eyni olması mənasına gəlmir. Bərabərlik dedikdə, birinin yüzdə əlli, digərinin də yüzdə əlli pay alması nəzərdə tutulmur. Bizim vurğulamaq istədiyimiz əsas məqam odur ki, qadınlarla kişilər bir-birindən fərqlidirlər. Qadın-kişi bərabərliyi dedikdə onların eyni hüquqlara, eyni imkanlara və eyni məsuliyyətlərə sahib olmalarını nəzərdə tuturuq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyədən dəvət olunmuş, ailə və sosial xidmətlər üzrə ekspert Akın Yumuş “Cəmiyyətdə qadınların rolunun artırılmasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən təlim zamanı çıxışında deyib.
Onun sözlərinə görə, dövlət və bələdiyyə strukturları qadın və kişilər arasında yaranan fərqlərin sosial və institusional səbəblərini aradan qaldırmaq məqsədilə məqsədyönlü siyasətlər həyata keçirməlidirlər. “Əgər qadın və kişilər arasında hər hansı sahədə fərq mövcuddursa, bu fərqi dövlət və ya bələdiyyə səviyyəsində həyata keçiriləcək düzgün siyasətlə aradan qaldırmaq mümkündürsə, bu istiqamətdə müvafiq addımlar atılmalıdır”, - deyə ekspert vurğulayıb.
Akın Yumuş əlavə edib ki, bu məsələdə əsas məqsəd qadın və kişilərin seçim azadlığını məhdudlaşdırmadan, onların bərabər imkanlardan yararlana bilməsini təmin etməkdir. “Fəaliyyət planı hazırlanarkən və ya hər hansı siyasət formalaşdırılarkən bu prinsiplərin nəzərə alınması son dərəcə vacibdir”, - deyə o bildirib.
Ekspert qeyd edib ki, növbəti sessiyada bu mövzular daha ətraflı şəkildə müzakirə olunacaq.