“Əsrin oğurluğu” Fransa hökumətini biabır etdi...
Poliqon xəbər verir ki, “The Times”ın yaydığı məlumata görə, sızan daxili hesabat Luvr muzeyində təhlükəsizlik sistemlərinin ciddi şəkildə köhnəldiyini və effektiv nəzarət imkanlarının olmadığını üzə çıxarıb. Sənəddə qeyd olunur ki, bəzi zallarda, xüsusilə də qiymətli fransız artefaktlarının sərgiləndiyi bölmələrdə tələb olunan sayda müşahidə kameraları quraşdırılmayıb.
Bu məlumat mətbuata o vaxt sızıb ki, cəmi bir gün əvvəl naməlum şəxslər qaldırıcı texnika və bucaqslif maşınlarından istifadə edərək muzeydən Napoleona aid dövrün nadir zinət əşyalarını oğurlayıblar. Hadisə Luvr kimi dövlət muzeyinin və bütövlükdə Fransa hökumətinin nüfuzuna ciddi zərbə vurub.
Fransanın ədliyyə naziri Jerald Darmanən hadisəyə münasibət bildirərək etiraf edib: “Biz uğursuzluğa düçar olduq”. Nazir əlavə edib ki, Fransa mətbuatının “əsrin oğurluğu” adlandırdığı bu hadisə ölkənin beynəlxalq imicinə “utandırıcı zərbə” vurub.
Ekspertlər hesab edirlər ki, bu insident təkcə muzeyin təhlükəsizlik sisteminin yenilənməsi zərurətini deyil, həm də dövlət mədəniyyət obyektlərinin mühafizəsində islahatların qaçılmazlığını ortaya qoyur.
Poliqon.info