AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev, Gənclər Təşkilatının sədri Yusif Quliyev və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimi Nicat Abdullayevin nitqi ilə başlayıb. O, “Brend tələbə” layihəsi ilə bağlı AzEdu.az-a təşəkkür edib, gəncləri təbrik edib.
Daha sonra baş redaktor Ləman Novruzova layihə barədə ətraflı məlumat verib, gəncləri təbrik edib. Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.
"Düşünürəm ki, minlərlə tələbənin içərisindən seçilən 10 nəfər olmaq həm qürur, həm də məsuliyyətdir. Universitetin sizi bu siyahıya daxil etməsi həm sizin tələbəlik həyatınız boyu səylərinizin, həmçinin bilik-bacarıqlarınızın yüksək qiymətləndirilməsinin nəticəsidir. Hesab edirəm ki, bu etimadı gələcəkdə də doğruldacaqsınız.
Bu layihə artıq 3 ildir ki, icra olunur və biz ilk ildən iştirak edən universitetlərdənik. Hər il olduğu kimi bu il də universitet tərəfindən layihənin meyarlarına cavab verən 10 tələbə seçilib. Qalib olan şəxsləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram".
Gənclər Təşkilatının sədri Yusif Quliyev söyləyib ki, təltif olunan tələbələr demək olar ki, hər iki təşkilatın ən aktiv və fəal yaradıcı tələbələridir.
Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
2024-2025-ci tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:
Emil Qurbanlı - Tikinti-iqtisad fakültəsinin tələbəsi;
Sevinc Məmmədli- Dizayn fakültəsinin tələbəsi;
Vüsal Hüseynli- Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbəsi;
Ayla Muradzadə-Tikinti-iqtisad fakültəsinin tələbəsi;
Arzu İsazadə- Dizayn fakültəsinin tələbəsi;
Məhəmməd Əzizbəyli- Memarlıq fakültəsinin tələbəsi;
Ceyhun Rəhimli- Nəqliyyat fakültəsinin tələbəsi;
Bəhram Muradlı- Nəqliyyat fakültəsinin tələbəsi;
Tellixanım Əliyeva- Tikinti-iqtisad fakültəsinin tələbəsi;
Nigar Abdullayeva- Dizayn fakültəsinin tələbəsi.
