
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşünün təxirə salınması ilə bağlı olaraq “Boş yerə görüşmək istəmirəm. Boş yerə vaxt itirmək istəmirəm” açıqlamasını verib.
ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən tədbirdə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Tramp Budapeştdə keçirilməsi planlaşdırılan, lakin dayandırıldığı bildirilən sammitlə bağlı suala “Boş yerə görüşmək istəmirəm. Boş yerə vaxt itirmək istəmirəm” cavabını verib.
ABŞ prezidenti sözlərinin davamında görüşün hələ də baş tuta biləcəyinə işarə edərək, “Hələ qərar verməmişik” deyib.
Putinlə görüşü niyə ləğv etdiyinə dair verilən suala cavabında Tramp “Mən elə bir şey demədim. Elə olacağını söyləmədim. Nə olacağını heç vaxt bilmək olmaz. Qarşıdakı iki gün ərzində nə edəcəyimiz barədə sizə məlumat verəcəyik” deyərək mümkün sammitin hələ də gündəmdə olduğuna diqqət çəkib.
ABŞ prezidenti Rusiya-Ukrayna müharibəsində hələ də atəşkəsin mümkün olduğuna inandığını bildirib.
Dünən məsələ ilə bağlı açıqlama verən Ağ Ev ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında yaxın gələcəkdə sammit keçiriləcəyinin gözlənilmədiyini açıqlayıb.
Qeyd edək ki, Tramp ötən həftə verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsini bitirmək məqsədilə Putinlə Budapeştdə görüşə biləcəyini bildirmişdi.