Bakı, 22 oktyabr, AZƏRTAC
Bakıda keçirilən "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumun əsas məqsədi din təhsili sahəsində müasir standartlara cavab verən, eyni zamanda mənəvi dəyərləri qoruyan və yaşadan modellərin müzakirə edilməsidir. Bu tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış elm adamları, ali təhsil müəssisələrinin rektorları, tədqiqatçıları və mütəxəssisləri bir araya gəlib.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.
O qeyd edib ki, simpozium iştirakçıları iki gün ərzində məruzələrlə çıxış edəcək, fikirlərini, elmi nəticələrini bölüşəcəklər. Artıq onların məruzə tezisləri nəşr olunub və yaxın zamanda bu məqalələr toplu halında geniş şəkildə işıq üzü görəcək. “Bizim məqsədimiz yalnız elmi müzakirələr aparmaq deyil. İstəyirik ki, din təhsili sahəsində formalaşdırılan müasir modellər həm mənəvi dəyərlərə əsaslansın, həm də bugünkü dünyanın sosial, elmi və texnoloji çağırışlarına cavab verə bilsin. Çünki din təhsili yalnız dini biliklərin öyrədilməsi ilə kifayətlənməməli, həm də insanın mənəvi dünyasını formalaşdırmalı, onu doğru, ədalətli və məsuliyyətli vətəndaş kimi yetişdirməlidir. Bu istiqamətdə Azərbaycan İlahiyyat İnstitutu xüsusi yer tutur. Qısa zamanda formalaşmasına baxmayaraq, institut bu sahədə lokomotiv rolunu oynayır. Burada həyata keçirilən təhsil modeli həm İslam dünyasında, həm də qlobal miqyasda unikal xarakter daşıyır. İnstitutda verilən din təhsili məzhəblərüstü yanaşmaya əsaslanır. Biz inanırıq ki, Azərbaycanın bu sahədə qazandığı təcrübə və formalaşdırdığı model dünyada din təhsili sahəsində nümunə ola bilər. Bu simpozium da məhz həmin təcrübəni beynəlxalq elmi ictimaiyyətə təqdim etmək, onu tanıtmaq və müzakirəyə çıxarmaq məqsədi daşıyır”, - deyə rektor vurğulayıb.
A.Şirinov sonda simpoziumun qarşılıqlı fikir mübadiləsinə, yeni elmi əlaqələrin qurulmasına və gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradacağına əminliyini bildirib.