Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan və Azərbaycan arasında baş verən son hadisələri dəstəklədiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, Qrono bu barədə X sosial media platformasında yazıb.
Onun sözlərinə görə, Aİ-ni “Azərbaycan və Ermənistan arasında sülh prosesində son vaxtlar atılan bir sıra müsbət addımlar, o cümlədən Azərbaycan üzərindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə elanı çox ruhlandırır”.
Aİ-nin xüsusi nümayəndəsi qeyd edib ki, Ermənistan və Azərbaycan parlamentlərinin sədrlərinin dünən Cenevrədə keçirilən görüşünü, eləcə də hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında İrəvanda planlaşdırılan müzakirələri də alqışlayır.
“Aİ bu praktiki nailiyyətləri səmimiyyətlə alqışlayır, bütün oxşar təşəbbüsləri və etimadın möhkəmləndirilməsi üzrə əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır. Biz həmçinin Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun bərpası və yenidən işə salınmasına həsr olunmuş növbəti görüşə elan edilmiş hazırlığı alqışlayırıq”, – Maqdalena Qrono əlavə edib.
Xatirə SADİQ
 
                        