RU

Bu, “xalqdan xalqa” ünsiyyətin dirçəlişi olmalıdır - Rəy

Yazını böyüt
Yazını kiçilt

Erməni cəmiyyəti barış qapısını bağlasa, özləri üçün batış qapısını açmış olardı"

"Azərbaycan vətəndaş cəmiyyəti institutları nümayəndələrinin Ermənistana səfəri, mahiyyət etibarilə, Güney Qafqazda yeni dönəmin, hətta ən yeni mərhələnin bir göstəricisi kimi dəyərləndirilə bilər. Bu, həm də siyasi diplomatiyanın yanında ictimai diplomatiyanın - necə deyərlər, “xalqdan xalqa” ünsiyyətin dirçəlişi olmalıdır".

Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Əkbər Qoşalı deyib.

Ə.Qoşalı qeyd edib ki, savaşlar dövlətlər arasında imzalanan bəlgələrlə bitir, xalqlar arasında davam edən səsli-səssiz düşmənçilik isə ancaq insan-insan təması ilə yumşala bilər:

"Ölkəmizin belə təşəbbüsdə iştirakı özünəinamın, həqiqi barış istəyinin və müdrik dövlət siyasətinin ifadəsidir. Əgər biz Zəfərlə torpaqlarımızı azad etmişiksə, indi həmin torpaqların ətrafında düşüncə azadlığını, münasibət azadlığını bərpa etməyin bir ziyanı yoxdur".

Ə.Qoşalı deyib ki, erməni cəmiyyəti uzun illər boyu qapalı təbliğatın, yanlış miflərin içində formalaşıb. Onun sözlərinə görə, Azərbaycan QHT nümayəndələrinin oraya səfəri bu miflərin üzərinə doğru-dürüst işıq salmaq, insanlara gerçəkliyi göstərmək baxımından önəmli ola bilər:

"Əlbəttə, bizim həqiqətimiz - Zəfərimizin və quruculuğumuzun xas gerçəkliyi - qarşı tərəfə tanıdılmalıdır. Bu səfərdə məqsəd - “barış ideyası”nı konkret fəaliyyətə çevirməkdir. Ümumiyyətlə, hər hansı bir barış diplomatik masa ilə birgə mədəni, humanitar və sosial əməkdaşlıq müstəvisində də möhkəmlənməlidir. Elm, təhsil, ədəbiyyat, mətbuat və gənclər sektoru arasında təmasların yeni düşüncə modelini formalaşdırdığını deyənləri haqsız saymaq olmaz. Azərbaycan vətəndaş cəmiyyəti bu anlamda dövlətin siyasətini tamamlayan, onu daha dərin ictimai təmələ bağlayan “yumşaq güc” funksiyasını daşıyır".

Ə.Qoşalı gözləntilərə diqqət çəkib. Bildirib ki, gözləntilər konstruktivlik və səmimiyyətdir:

"Ən önəmli məsələ odur ki, Azərbaycan tərəfi artıq özünü sübut etmiş güclü, qalib və məsuliyyətli bir tərəf kimi həqiqi barış istəyir. Bizim gözləntimiz – qarşı tərəfdəki aydınların, ictimai fikri qidalandıran qüvvələrin, QHT təmsilçilərinin də bu təşəbbüsü eyni ciddiyyət və səmimiyyətlə qəbul etməsidir. Ola bilsin ki, bu səfər bir yoxlama xarakteri daşısın. Kimin həqiqətən barış istədiyi, kimin hələ də əvəzçıxma xülyasında yaşadığı üzə çıxır. Bu aydın şəkildə görünəcək. Azərbaycanın mövqeyi tam aydındır: Zəfərlə başladığımız tarixi yeniləşməni barışla tamamlamalıyıq. Savaşı biz başlamamışdıq – hərb meydanında öz qızıl ləyaqətimizi, qüdrətimizi göstərdik. Barışı isə biz başlatmışıq, bu meydanda da öz siyasi iradəmizi göstərməyə qadirik. Barış gündəliyi bizə məxsusdur. Qalib Azərbaycanı aldatmaq, oyuna gətirmək, qurğuya salmaq, başımız altına qu tükündən siyasi yastıq qoymaq artıq qətiyyən mümkün deyil. Biz nə siyasi qumar oynamırıq, nə də, əsla xumarlanmırıq. Ciddi iş görməyə qabilik - dövlət olaraq da, vətəndaş cəmiyyəti institutları olaraq da. Qarşı tərəf özü bilər – ya yola çıxsın ya yoldan çıxsın… Erməni cəmiyyəti barış qapısını bağlasa, özləri üçün batış qapısını açmış olardı".

Избранный
104
hafta.az

1Источники