RU

Təbiətin bal dadı

Payızın qızılı günləri Bakıya həm də xüsusi bir ətirli dad gətirib. Bu, təbiətin bəxşişi, zəhmətin və səbrin "meyvə"si olan balın ətirli dadıdır. Arıların yazdan bəri topladığı nektar indi bakılıların ağızlarının tamını dəyişməyə gəlib. Axı, deyirlər, bir qaşıq balda günəşin istisi, çiçəklərin nəfəsi və zəhmətin ətri var. 

Hər il olduğu kimi, Bakıda bu il də Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası təşkil olunub. 25-ci dəfə təşkil edilən yarmarka yüzlərlə arıçının il boyu dağda, meşədə, çəmənliklərdə səbirlə çəkdiyi zəhmətin göz önündə canlanan hekayəsidir. Bura sadəcə bir satış nöqtəsi deyil, şipşirin vitrindir və sorağı çoxdan sərhədləri aşmış Azərbaycan balının nümayişidir. Təqdim olunan bal nümunələri bu dəfə də çiçək qoxulu, dağ havası kimi təravətlidir və arıçının təbiətə olan sədaqətinin, alın təri ilə yoğrulan halal zəhmətinin məhsuludur. O məhsulu ki, hər damlasında bir zəhmət hekayəsi var. Özü də təkcə zəhmət hekayəsi yox, həm də yazın təravətindən doğan çiçəklərin öpüşləri, yay günlərinin arıların usanmadan topladığı şirəsi və payızın sakitliyinə doğru uzanan uzun bir səyahətin dadı var bu məhsulun hər damlasında. 

25-ci yarmarka təkcə yubiley ruhunu daşımır, eyni zamanda rekordlarla da diqqət çəkir. Azərbaycanın 43 bölgəsindən 280-dən çox balçı fermer çiçək ətirli, gül nəfəsli məhsulunu gətirib paytaxta. Xankəndi, Kəlbəcər, Laçın, Quba, Zaqatala, Lerik, Balakən, Şəki, Gədəbəy və başqa yerlərdən gələn arıçılar öz məhsullarını alıcıya ürəklə təqdim edirlər. Çünki balları təmizdir, halaldır. Üstəlik də istənilən zövqə uyğundur. Axı bizdə hər bölgənin balı özünəməxsus dada və ətirə malikdir. 

Yarmarka təşkilatçıları bu dəfə də ədalət və şəffaflıq prinsiplərinə əsaslanaraq, iştirakçılara rayonlardakı arıçı sayına uyğun proporsional şəkildə yer ayırıblar ki, bu da bölgələr arasında balansın qorunması və daha çox fermerin öz məhsullarını tanıtmaq imkanı deməkdir. Amma hər arıçı üçün də qapılar açıq olmayıb. Yarmarkaya yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2025-ci il sentyabrın 1-dək minimum 40 arı ailəsini rəsmi bəyan edən, sənəti və zəhməti ilə seçilən fermerlər qəbul olunub. Bu cur yanaşma keyfiyyətə və peşəkarlığa verilən dəyərin göstəricisidir.

Genişmiqyaslı tədbirdə 100 tondan artıq bal və 15-dən çox müxtəlif növ arıçılıq məhsulları satışa çıxarılıb. Hamısı da saf, təmiz və şəfalı. Ancaq bu bolluğun arxasında ciddi bir nəzarət də dayanır. Satışa təqdim olunan bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən yoxlanılıb, nümunələr laborator analizlərdən keçirilib. Və yalnız keyfiyyətə cavab verən, təhlükəsizliyi təmin olunan məhsullar yarmarkanın süfrəsinə çıxarılıb. 

Arıçılıq sadəcə bir təsərrüfat sahəsi deyil. O, əsrlərdən bəri xalqımızın təbiətlə qurduğu vəhdəti, səbri və halal zəhməti birləşdirir özündə. Bal isə yalnız şirin dad, müalicəvi deyil, həm də təbiət adamının zəhmət fəlsəfəsinin məhsuludur. Bakıda keçirilən və noyabrın 9-dək davam edəcək 25-ci Sərgi-Satış Yarmarkası isə bu fəlsəfəni yaşadan, onu gələcək nəsillərə ötürən ənənədir. 

Züleyxa ƏLİYEVA, 

İlham BABAYEV (foto),

"Azərbaycan"

Избранный
27
azerbaijan-news.az

1Источники