RU

Luvrdan sonra: Fransada daha bir muzey soyuldu

Fransanın şimal-şərqində yerləşən Langres şəhərindəki Denis Diderot Maarifçilik Evi Muzeyindən 18 və 19-cu əsrlərə aid təxminən 2 min ədəd metal pul oğurlanıb.

Hadisə Luvr Muzeyində baş verən 88 milyon avroluq zinət əşyaları oğurluğundan cəmi bir neçə gün sonra baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, Fransanın ictimai yayım qurumu “Franceinfo”-nun verdiyi məlumata görə, muzey əməkdaşları bazar ertəsi səhəri binanın ön qapısının sındırıldığını və bir vitrin şüşəsinin qırıldığını aşkar ediblər. Oğurlanan kolleksiyanın 2011-ci ildə binanın yenidən qurulması zamanı inşaatçılar tərəfindən tapılan “xəzinə kolleksiyası”na aid olduğu bildirilib. 

Rəsmi şəxslərin sözlərinə görə, oğrular yalnız qiymətli əşyaları hədəf alıblar, muzeydəki digər eksponatlar yerində qalıb. Oğurlanan 1.633 gümüş və 319 qızıl metal pulun ümumi dəyərinin təxminən 90 min avro olduğu ehtimal edilir. Langres Bələdiyyəsi hadisəni “planlı və hədəfli hücum” kimi qiymətləndirib. 

Hadisədən sonra muzey müvəqqəti olaraq bağlanıb və təhlükəsizlik sistemləri yenilənənə qədər gecə nəzarəti üçün xüsusi mühafizə şirkəti cəlb edilib. Son həftələrdə Fransada baş verən üç böyük muzey oğurluğu mədəni irsin qorunması ilə bağlı təhlükəsizlik tədbirlərini yenidən gündəmə gətirib. 

16 oktyabrda Parisdəki Milli Təbiət Tarixi Muzeyindən 1,5 milyon avro dəyərində qızıl külçələr oğurlanıb.  19 oktyabrda isə Luvrdakı Napoleon dövrünə aid səkkiz zinət əşyası gündüz vaxtı reallaşdırılan basqınla oğurlanıb. 

 21 oktyabrda Langresdəki metal pul oğurluğu baş verib. Ardı-ardına yaşanan oğurluqlar müxalifət partiyalarının sərt reaksiyasına səbəb olub. Avropa Parlamentinin üzvü Marion Marekal Fransanın “dünyanın gülüş obyektinə çevrildiyini” deyib və Luvr direktoru Laurens Des Kars ilə təhlükəsizlik rəhbəri Dominik Buffinin istefasını tələb edib. 

Избранный
28
cebheinfo.az

1Источники