RU

Zəngəzur dəhlizi: Azərbaycanın təşəbbüsü qlobal ticarət yollarını dəyişdirəcək

Prezident İlham Əliyevin Astanada verdiyi bəyanat Cənubi Qafqazda yeni geoiqtisadi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Dövlət başçısının Zəngəzur dəhlizinin 2028-ci ilə qədər açılacağı barədə açıqlaması təkcə regional nəqliyyat xəritəsini deyil, həm də beynəlxalq ticarət marşrutlarını dəyişdirəcək strateji hadisə kimi dəyərləndirilir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, bu dəhlizin açılması regionun iqtisadi inteqrasiyasını sürətləndirəcək və Azərbaycanın logistik mərkəz kimi rolunu daha da gücləndirəcək:

“Prezident İlham Əliyev Astanada keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizinin 2028-ci ilə qədər istifadəyə veriləcəyini bəyan edib. Bu proses əslində uzunmüddətli layihə tələb etmir və işlərin böyük hissəsi artıq tamamlanmaq üzrədir. Əslində bu dəhlizin açılması çox vaxt aparan məsələ deyil. Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsi daha uzun məsafəni əhatə edir və tikintisi daha çox resurs tələb edirdi. Lakin torpaqlarımız azad edildikdən sonra Azərbaycan dərhal bu istiqamətdə işlərə başladı. Gələn ilin birinci yarısında dəhlizin ölkəmizdən keçən hissəsi tam istismara hazır olacaq”.

Deputat qeyd edib ki, hazırda əsas maneə TRİİP marşrutu adlandırılan 42 kilometrlik hissənin tamamlanmamasıdır:

“İmzalanmış razılaşmaya əsasən, dəhlizin həmin hissəsini ABŞ və Ermənistan inşa etməlidir. Mətbuatda yayılan məlumatlara görə, ABŞ bu layihənin layihələndirilməsi və işlərin başlanması üçün ilkin mərhələdə 147 milyon dollar vəsait ayırıb. Əgər işlər sürətləndirilsə, dəhliz daha tez istifadəyə verilə bilər. Bu sahədə Azərbaycanın böyük təcrübəsi var və zərurət yaranarsa, tikintidə Azərbaycan Dövlət Dəmir Yolları şirkətinin iştirakı prosesin daha da sürətləndirilməsinə imkan verərdi. Azərbaycanın dəmir yolu tikintisində böyük təcrübəsi var. Ermənistanın isə bu istiqamətdə təcrübəsi demək olar ki, yoxdur, çünki onun dəmir yolları Rusiya tərəfindən idarə olunur”.

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizi artıq regional deyil, qlobal layihə xarakteri daşıyır və onun açılmasında Asiyadan Avropaya qədər çoxsaylı ölkələr maraqlıdır:

“Dəhliz istifadəyə verildikdən sonra Orta Dəhlizin uzunluğu 600–700 km qısalacaq, daşımaların qiyməti isə təxminən 15–17 faiz azalacaq. Bu isə həm iqtisadi səmərəliliyi artıracaq, həm də regionun tranzit potensialını gücləndirəcək. Azərbaycanın son addımları sülh təşəbbüslərinin praktik müstəvidə həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmizin ərazisindən Ermənistana tranzit yüklərin daşınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Bu, Azərbaycanın sülh təşəbbüslərinin təkcə bəyanat səviyyəsində deyil, real addımlarla dəstəkləndiyini sübut edir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
52
50
editor.az

10Источники