RU

"Qafqazda barış rüzgarı": İki xalq arasında etimadı daha da dərinləşdirməliyik

Azər Həsrət: Gəlin sülh və qarşılıqlı anlaşma şəraitində birgə yaşayışa alışaq


"İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrini görüşü baş tutdu. Bu görüşə hər iki ölkənin hökumətləri də dəstək verdi. Təşkilatçılıq baxımından hər iki hökumət təşəbbüs göstərdi. Beləliklə, 25-30 ildən sonra ilk dəfə olaraq Azərbaycan hava yollarına məxsus (AZAL) sərnişin təyyarəsi İrəvana eniş etdi".
Bu sözləri İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin görüşündə iştirak edən politoloq Fərhad Məmmədov deyib.
Politoloq bu görüşdə bir çox məsələlərin müzakirə edildiyini bildirdi: “Onsuz da beynəlxalq tədbirlər çərçivəsində xarici təşkilatçıların təşəbbüsləri ilə baş tutan tədbirlərdə Ermənistandan olan ekspertlərlə görüşlərimiz olurdu. İrəvanda isə baş tutan bu görüş sırf ikitərəfli formatda baş tutdu. Burada təşkilatçılıq, təşəbbüs və iştirakçılıq baxımından görüşün keçirildiyi məkanda üçüncü tərəf iştirak etmirdi”.
Fərhad Məmmədova görə, avqustun 8-də Vaşinqton görüşündə (Azərbaycan, ABŞ və Ermənistan) əldə edilən razılaşmalardan sonra elə bir mühit formalaşıb ki, hökumətlər qarşılıqlı addımlar atır: “Artıq elə bir tarixi şərait formalaşıb ki, vətəndaş cəmiyyəti inistutlarının təmsilçiləri, ekspertlər və media səviyyəsində də müəyyən müzakirələr, birgə fəaliyyətin təşkili aktuallaşıb. Belə olan halda məhz bu dövrü qiymətləndirərək belə bir addım atıldı. Ümid edirik ki, bu format davamlı olacaq və bu tipli görüşlərin təşkili artıq bir normaya çevriləcək. Diplomatik və iqtisadi müstəvidə olduğu kimi vətəndaş cəmiyyətinin dialoqu səviyyəsində ikitərəfli format qorunub saxlanılacaq”.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a deyib ki, sülh hər iki xalq üçün son dərəcə vacibdir:

"Azərbaycan tərəfi münaqişə dövründə bütün məsələlərin masa arxasında, sülh yolu ilə həll olunması üçün daim çalışıb, Ermənistana müxtəlif təkliflər təqdim edib. Təəssüf ki, Ermənistan bu xoşməramlı çağırışları düzgün qiymətləndirə bilməyib və nəticədə tərəflər savaş meydanında üz-üzə gəliblər. Azərbaycan isə öz üstünlüyündən istifadə etmək məcburiyyətində qalıb. İndi həmin mərhələ artıq geridə qalıb. Biz irəli baxmalı, iki xalq arasında etimadı bərpa etməli və möhkəmləndirməliyik. Müharibələr keçmişdə qalsın, bir daha təkrarlanmasın. Gəlin sülh və qarşılıqlı anlaşma şəraitində birgə yaşayışa alışaq. Bu baxımdan, təmsilçilərimizin və ekspertlərimizin Ermənistana səfərini şəxsən təqdir edir, yüksək qiymətləndirirəm. Həmçinin “AZAL” təyyarəsinin birbaşa Bakıdan qalxaraq İrəvana enməsi də simvolik məna daşıyır - bu, sülh niyyətinin bir jestidir. Yaxın vaxtlarda Ermənistan tərəfindən də bir heyətin Azərbaycana səfərini gözləmək olar. Həm biz, həm də Ermənistan tərəfi daxili ictimai rəyi bu prosesə hazırlamalıyıq. Təmirlər, əlaqələr və qarşılıqlı təmaslar tədricən artırılmalıdır. Bir-birimizlə dil tapmağa, anlaşmağa çalışmalıyıq ki, Qafqazda bir daha belə müharibələr və anlaşılmazlıqlar baş verməsin. Qarşılıqlı münasibətlərdə təcavüzkar deyil, sülhpərvər mövqe sərgiləməliyik".

Analitik əlavə edib ki, Azərbaycan həmişə sülhpərvər mövqeyini yüksək səviyyədə nümayiş etdirib:
"Əvvəlki Ermənistan rəhbərləri bunu lazımi şəkildə dəyərləndirməyiblər. Lakin görünür ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla mövcud rəhbərlik daha real və uyğun yanaşma sərgiləyir. Biz də bu fürsəti əldən vermədən iki xalq arasında etimadı daha da dərinləşdirməliyik".
Избранный
35
sherg.az

1Источники