Bakı, 23 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Kilis 7 Aralık Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində rektor Elçin Babayev qonağa BDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. BDU-nun türk dövlətlərinin, o cümlədən qardaş Türkiyənin ən tanınmış universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Rektor qeyd edib ki, hər iki universitet birgə elmi tədqiqatlar apara, ortaq layihələr, tədbirlər həyata keçirə bilər.
Kilis 7 Aralık Universitetinin rektoru Zekeriyya Akman rəhbərlik etdiyi ali təhsil ocağının 12 fakültəsində 15 min tələbənin təhsil aldığını bildirib. O, xüsusilə iqtisadiyyat, sosial elmlər, kənd təsərrüfatı üzrə BDU ilə geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib.
Memorandumu BDU rektoru Elçin Babayev və Kilis 7 Aralık Universitetinin rektoru Zekeriyya Akman imzalayıblar.
Qeyd edək ki, memorandum çərçivəsində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.
 
                        