Dabaq heyvanlarda rast gəlinən, yüksək yoluxuculuğa malik viral xəstəlikdir. O, heyvanlarda ciddi iqtisadi zərərlərə səbəb olur. Virus zoonotik xarakter daşısa da, insanlarda yoluxma halları çox nadirdir.
Son günlər sosial şəbəkələrdə Azərbaycan-Anadolu Universitetinin tələbəsi Elnarə Həziyevanın guya dabaq xəstəliyinə yoluxması barədə yayılan məlumatı Səhiyyə Nazirliyi təkzib edib.
Qurum bildirib ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb və hazırda da belə fakt mövcud deyil. Nazirlik vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etməyi tövsiyə edib.
Professor Adil Qeybulla Sherg.az-a açıqlamasında dabaq xəstəliyinin insanlara ötürülməsinin nadir hallarda baş verdiyini qeyd edib:

"Dabaq xəstəliyi zoonotik xəstəlikdir. Bu xəstəlik əsasən heyvanlarda müşahidə olunur və onlarda ciddi ağırlaşmalara, hətta tələfata səbəb ola bilər. Lakin dabaq virusunun insanlara ötürülməsi çox nadir haldır və real təhlükə kimi qiymətləndirilmir. İnsanlara yoluxma, əsasən kənd təsərrüfatı sahəsində çalışan, xəstə heyvanlarla birbaşa təmasda olan və gigiyena qaydalarına riayət etməyən şəxslərdə mümkündür. Virusun insana keçməsi yalnız kontakt yolu ilə baş verə bilər".
Professor adətən insanların heyvan mənşəli məhsulları-südü, əti və digər məhsulları pasterizə olunmuş və ya yaxşı bişirilmiş şəkildə istehlak etdiklərinə görə, bu yolla yoluxma riski çox aşağı, demək olar ki, sıfıra bərabər olduğunu bildirib:
"Bununla belə, xəstə heyvanlara qulluq edən şəxslər təmas zamanı qoruyucu vasitələrdən istifadə etməlidir. Həmçinin onlar tərəfidən gigiyenik qaydalara ciddi riayət olunmalıdır . Digər tərəfdən dabaq xəstəliyinə yoluxmuş insanlara qulluq edən şəxslər də diqqətli davranmalıdırlar".