RU

Bu imtahan müəllimlərə öz boşluqlarını görmək fürsəti verir - sertifikasiya iştirakçısı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.

Həmin müsahibə mərhələsində maksimum nəticə göstərən müəllimlərdən biri də Aynurə Əmiraslanovadır.

Aynurə müəllim AzEdu.az-a açıqlamasında bildirib ki, hər bir müəllim ona təqdim edilmiş imtahanın bütün səviyyələrinə hazır olmalıdır:

"1992-ci ildə Gəncə şəhərində anadan olmuşam. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində kimya-biologiya müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışam. Daha sonra 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya ixtisası üzrə magistratura səviyyəsinə qəbul olunmuşam.

Həmin təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. 2017-ci ildə isə Gəncə Dövlət Universitetində doktorantura səviyyəsində təhsilimi davam etdirmişəm. Hazırda ixtisasım üzrə müdafiə etmişəm və diplomun təsdiqini gözləyirəm.

Elə həmin ildən müəllimlərin işə qəbulu imtahanında iştirak edərək Gəncə şəhəri 9 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi fəaliyyət göstərirəm. Həmin imtahanda 60 mümkün baldan 54 bal toplamışam. Artıq 8 ildir pedaqoji fəaliyyətlə məşğulam.

Müəllimlərin sertifikatlaşdırılması imtahanının həm test, həm də müsahibə mərhələsi şəffaf şəkildə həyata keçirildi. Heç bir neqativ halla rastlaşmadım. Test mərhələsindən 53, müsahibədən isə 40 bal toplamışam. Düşünürəm ki, daha yüksək nəticə göstərə bilərdim. Həqiqətən də bu proses müəllimlərin öz üzərində işləməsinə böyük töhfə verir. Arada qalan boşluqları doldurmağa kömək edir. Mənim üçün olduqca maraqlı keçdi və öz üzərimdə daha çox çalışmağa stimul oldu.

İmtahan sualları çətinlik səviyyəsinə görə bölünmüşdü - asan, orta və çətin. Düşünürəm ki, müəllim hər bir səviyyə ilə işləməyi bacarmalıdır. Yəni, bir müəllim ona təqdim edilmiş imtahanın hər üç səviyyəsinə hazır olmalıdır".

Избранный
91
azedu.az

1Источники