RU

Qəbizliyi aradan qaldırmaq üçün yeni resept: Kivi

İndiyədək qəbizliyə qarşı ən əsas tövsiyə belə idi: "Qidalanmanızda daha çox lifə yer verin."

Londondakı Kral Kollecinin (King's College) mütəxəssisləri tərəfindən həkimlər üçün hazırlanan yeni təlimata görəsə, daha çox seçim var.

Bu təlimata əsasən, gündə bir neçə kivi yemək qəbizliyin azalmasına kömək edə bilər.

Həmçinin, su əvəzinə qazlı mineral su (soda) içmək və maqnezium oksid əlavələrindən istifadə etmək də simptomların yüngülləşməsinə kömək edə bilər.

Keçməyən (xroniki) qəbizlik hər 10 nəfərdən birinə təsir edir.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinə (NHS) görə, son bir həftə ərzində ən azı üç dəfə tualetə getməmək və ya adət etdiyinizdən daha az sayda tualetə çıxmaq qəbizlik sayılır.

Tualetə getməkdə çətinlik çəkmək və ya bağırsaqlarınızı tam boşalda bilmədiyinizi hiss etmək də qəbizliyin əlamətləri arasındadır.

Həkimlər üçün hazırlanan təlimatın baş müəllifi Dr. Eirini Dimidi deyir:

"İnsanlar qəbizliklə bağlı 30-a qədər fərqli simptom bildirə bilirlər".

Yeni təlimata görə, supermarketlərdə satılan probiotikləri almaqdansa və ya pəhrizi müxtəlif lif növləri ilə doldurmaqdansa, əvvəlcə meyvə və içkilərə diqqət yetirmək ən yaxşı həll yoludur.

Qabıqlı, yoxsa qabıqsız?

Dr. Dimidi qəbizliyi aradan qaldırmaq üçün gün ərzində iki və ya üç kivi yeməyi tövsiyə edir.

Onun sözlərinə görə, "Kivi, qabıqsız yeyildikdə belə kifayət qədər lif ehtiva edir", lakin meyvəni qabığı ilə birlikdə yeməyin də heç bir zərəri yoxdur.

Kividəki liflər bağırsaqları stimullaşdıraraq nəcis kütləsini artırır və bu da bağırsaq hərəkətlərini asanlaşdırır.

"Kivi həmçinin bağırsaqlardakı su miqdarını artıraraq nəcisin yumşalmasına kömək edə bilər",- deyə Dr. Dimidi əlavə edir.

Gündə 8–10 ədəd quru gavalı yemək və bir az çovdar çörəyi qəbul etmək də oxşar təsir göstərir.

Qazlı mineral suyun (mədən suyu) "kran suyundan daha yaxşı" olduğu qeyd olunur, lakin qablaşdırılmış suların mineral tərkibi ölkədən ölkəyə fərqlənir.

Ən vacib mineral işlətmə (yüngül müshil) təsiri göstərən maqneziumdur.

Tədqiqatlar göstərir ki, maqnezium oksid əlavələri qəbul etməyin bir çox faydası var: o cümlədən aşağı qarında ağrının, şişkinliyin və gərginliyin azalması, həmçinin nəcisin çıxarılmasının asanlaşması.

Probiotiklərlə bağlı olaraq, təlimatlarda bəzi növlərin bəzi simptomları azalda bildiyi qeyd edilir, lakin çoxsaylı probiotik növlərinin təsirinə dair araşdırmaların az olduğu da vurğulanır.

"Təkcə lifli qida tövsiyəsi artıq yetərli deyil".

Tədqiqatçılar bildirirlər ki, qəbizlik problemi yaşayan xəstələrin müalicəsində istifadə olunan əvvəlki təlimat artıq köhnəlib.

Onların fikrincə, təlimat yalnız lifli qidalanmanı və su qəbulunu artırmağa yönəldiyi üçün kifayət qədər effektiv deyil.

Yeni tövsiyələr mütəxəssislərdən ibarət bir heyətin analiz etdiyi 75 klinik araşdırmanın nəticələrinə əsaslanır.

Kral Kollecinin (King's College) dietetika üzrə professoru və baş tədqiqat müəllifi professor Kevin Whelan bildirib ki, yeni təlimat "səhiyyə mütəxəssisləri və xəstələri üçün pəhriz yolu ilə qəbizliyin idarə edilməsində ümidverici bir addımdır".

O əlavə edib ki, bu, qəbizlikdən əziyyət çəkən insanların simptomlarını, ümumi rifahını və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edən yenilənmiş tövsiyələrə çıxış əldə etmələri deməkdir.

Layihəni maliyyələşdirən Britaniya Dietoloqlar Assosiasiyası da bildirib ki, bu tövsiyələr dietoloqlar, həkimlər və tibb bacıları üçün əla mənbədir və "xroniki qəbizliyin idarə olunmasında daha çox pəhriz yönümlü və elmi əsaslı bir yanaşmanı" dəstəkləyir.

Tədqiqat və yeni təlimat Journal of Human Nutrition & Dietetics jurnalında dərc edilib.

Избранный
41
bbc.com

1Источники