Fuad İbrahimov: “Kobaxidzenin fikirləri reallığı tam əks etdirmir”
Məlum olduğu kimi, Gürcüstanda V İpək Yolu Beynəlxalq Forumu keçirilib. Görüşdə bir sıra məsələlər müzakirə edilib.
Gürcü mediası yazır ki, sammit ticarət, nəqliyyat və investisiyaların müzakirəsi üçün regionun ən böyük platforması hesab olunur. Bu il 70-dən çox ölkədən 2300-ə qədər iştirakçı bir araya gəlib. Kobaxidze çıxışında Gürcüstanın Avropa və Asiya arasında əlaqə rolunu vurğulayaraq, ölkənin infrastruktur və rəqəmsal dəhlizləri fəal şəkildə inkişaf etdirdiyini, irimiqyaslı layihələrin, o cümlədən yeni limanların tikintisi, dəmir yollarının modernləşdirilməsi, Qara dəniz vasitəsilə regionu Avropa bazarı ilə birləşdirəcək sualtı enerji kabelinin çəkilməsi kimi layihələr həyata keçirdiyini qeyd edib. Gürcüstanın baş naziri Kobaxidze qeyd edib ki, İpək Yolu forumu Tbilisinin regional maliyyə və innovativ mərkəz statusunu təsdiq edir.
Kobaxidzenin son fikri mübahisəli deyilmi? Axı bütün dünya bilir ki, Cənubi Qafqazın maliyyə və innovasiya mərkəzi Azərbaycandır. Çünki Dördüncü Sənaye İnqilabının regional ofisi Bakıda açılıb. Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilib, ilk COP tədbiri ölkəmizdə keçirilib. Azərbaycan bölgədə ən böyük maliyyə vəsaitinə sahib olan ölkədir. Beynəlxalq maliyyə qurumları ilə çox yaxşı münasibətləri var. Gürcüstan isə o qədər də yaxşı münasibətlərə malik deyil. Belə şəraitdə bu fikir nə dərəcədə doğru qəbul oluna bilər ki, Tbilisi regionun innovativ və maliyyə mərkəzidir? Bununla razılaşmaq olarmı?
“Gürcüstan nəqliyyat-enerji dəhlizləri baxımdan önəmli rola malik olsa da, regionun maliyyə mərkəzi deyil”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, Kobaxidzenin fikirləri reallığı tam əks etdirmir: “Azərbaycan regiona aktivlik, cazibədarlıq gətirən dövlətdir. Ölkəmiz zamanında sərmayələri perspektivi olan layihələrə yönəltməsəydi, bütün bu inkişaf olmazdı. Zamanında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi öz bəhrəsini verdi. Digər perspektivli layihələrin həyata keçirilməsinə yol açdı. Azərbaycanın bu təşəbbüsləri Gürcüstanla Türkiyənin inkişafına töhfə verməklə yanaşı, bu ölkələrdə iqtisadiyyatın yan sahələrinin də inkişafına təkan verdi. Bütün bunlar Cənubi Qafqazın nəqliyyat-logistika, enerji mərkəzinə çevrilməsinə səbəb oldu. Çünki regiondan keçən nəqliyyat-enerji xətləri səmərəli, elastik və qiymət əmələ gəlmə baxımından çox sərfəlidir. Məsafə baxımından ən qısa yol Cənubi Qafqazdan keçdiyi üçün heç bir alternativi yoxdur. Bütün bunlarda Azərbaycanın rolu əvəzsizdir. Gürcüstan üzərindən keçən, İran və Ermənistan üzərindən keçəcək dəhlizlərin hər birinin xüsusi mahiyyəti vardır. Gürcüstan nəqliyyat-enerji dəhlizləri baxımından önəmli rola malik olsa da, regionun maliyyə mərkəzi deyil. Azərbaycanın maliyyə imkanları daha böyükdür. Ancaq biznes mühiti Gürcüstanda daha əlverişlidir. Bunu danmaq olmaz. Bu səbəbdən Gürcüstanda qeyri-neft sektorunun inkişafına xarici sərmayə qoyuluşu daha böyükdür. Gürcüstanda biznes üçün olan əlverişli mühit, əfsuslar olsun ki, digər region ölkələrində yoxdur. Nə qədər Azərbaycan investoru Gürcüstanda iş görür. Çünki bunun üçün əlverişli mühit var. Mən görmədim ki, gücü əsilli bir biznesmen gəlib Azərbaycana böyük sərmayə qoysun. Ona görə də bu istiqamətdə islahatları gücləndirmək lazımdır. Cənab Prezidentdən başqa bu ölkəyə canı yanan ikinci məmur görmürəm”.
Vidadi ORDAHALLI