Ermənstanda hakimiyyət-kilsə qarşıdurması artıq özünün pik nöqtəsinə yaxınlaşır. Ölkənin baş naziri Nikol Paşinyanın son açıqlamaları da bunu təsdiq edir.
O qeyd edib: “Ktriç Nersisyan (katolikos II Qaregin) çoxdan kilsədən kənarlaşdırılıb, o, Ana Kilsəni ələ keçirən bir şəxsdir. Qoy əvvəlcə ictimaiyyətə izah etsin: haradan və necə qadın və uşaqları var. Bizim kilsə ilə münaqişəmiz yoxdur, bizim münaqişəmiz kilsəni murdarlayanlarla, andını pozanlarla bağlıdır”.
O vurğulayıb ki, kilsədən kənarlaşdırılmış şəxs başqasını kilsədən kənarlaşdıra bilməz: “Əgər kilsədən kənarlaşdırılmış şəxs başqasını da kilsədən uzaqlaşdırıbsa, deməli, həmin gün keşiş Aram Asatryan xalq tərəfindən kilsənin, yəni xalqın yeni ruhanisi kimi təqdim olunub. Mən gedib Aramın müqəddəs qəbulunda olacağam”. Paşinyan həmçinin hökumətin balansında olan bəzi kilsələrin Eçmiədzindən alınmasının mümkün olduğunu istisna etməyib: “Orada, harada ki, ruhani həyat yoxdur, əvəzində intriqalar, saxta səhifələr və qrup oyunları var, bizdə həm mənəvi, həm də hüquqi əsaslar mövcuddur ki, həmin kilsələri ictimaiyyətə qaytaraq və Arama, eləcə də onun kimi ruhani şəxslərə hər cür dəstək göstərək ki, onlar Ermənistanda həqiqi ruhani həyatı bərpa etsinlər”.
Qeyd edək ki, kilsənin sabiq ruhanisi, keşiş Stepan Asatryan oktyabrın 21-də bütün ermənilərin katolikosu II Qareginin patriarx fərmanı ilə ruhanilikdən azad edilib. Bundan sonra o, mülki şəxs statusu alaraq hər cür dini fəaliyyəti dayandırmalı idi. Lakin Asatryan açıq şəkildə bəyan edib ki, bazar günü Ovanavank kilsəsində yenidən ayin keçirəcək. Onun bu addımı həm kilsə rəhbərliyi, həm də hökumət tərəfdarları arasında rezonans doğurub.
Nikol Paşinyan da bəyan edib ki, həmin gün Stepan Asatryanın keçirəcəyi ayində şəxsən iştirak edəcək. Bu qərar ekspertlər tərəfindən II Qareginə açıq siyasi mesaj kimi qiymətləndirilir. Baş nazir, həmçinin katolikosun qardaşı, arxiyepiskop Ezrası “KQB agenti” adlandırıb və kilsəni bu şəxslərdən azad etməyə and içib: “Mən həyatımı qurban verməyə hazıram ki, kilsəmizi onlardan xilas edim”. Ermənistanın “Joğovurd” nəşri yazır ki, artıq ölkənin siyasi və mənəvi həyatında gərginliklər yeni mərhələyə daxil olur. Nəşrə görə, son günlər Ermənistan hakimiyyətinin ən yüksək dairələrindən səslənən bəyanatlar kifayət qədər açıqdır: “Bütün ermənilərin katolikosu II Qaregin kilsə çıxmalı və vəzifəsini tərk etməlidir”. Katolikos açıq şərhlərlə çıxış etməyib, lakin son nitqi zamanı dindarları qarşılayarkən o, “siyasi təqiblər”dən danışıb, ad çəkməyib. Bu çıxış bir çoxları tərəfindən hakimiyyətə ünvanlanmış mesaj kimi qəbul olunub.
“Joğovurd” qəzetinin məlumatına görə, kilsə daxilində katolikos bəyan edib ki, hüquq-mühafizə orqanları tərəfindən həbs edilsə belə, hər cür təzyiqə dözməyə hazırdır. O vurğulayıb ki, hətta kilsəni həbsxanadan idarə etməli olsa belə, katolikosluqdan imtina etməyəcək. Nəşr vurğulayıb ki, bu, artıq institusional müqavimətin və iradənin təzahürüdür: “Xüsusilə də, bu məlumata Böyük Kilikya Evinin katolikosu I Aramın yaydığı bəyanatı da əlavə etsək, vəziyyət daha aydın olur: Katolikos I Aram II Qareginə dəstək verərək bildirib ki, Ermənistanda hakimiyyət dəyişməlidir. İctimaiyyətə məlumdur ki, yepiskop Natanın iştirak etdiyi səs yazısı əsasında cinayət işi başlanıb. Açıq mənbələrə görə, yepiskop artıq istintaq orqanlarına dindirməyə çağırılıb. Hüquq-mühafizə orqanlarından “Joğovurd” qəzetinə verilən məlumata əsasən, istintaqa kilsədə axtarışların və katolikosun həbsi də daxil ola bilər. Bütün bunlar ictimai müstəvidə təkcə hüquqi proses kimi deyil, həm də mənəvi institutun nüfuzuna zərbə kimi qiymətləndirilir.
Eyni zamanda, katolikos tərəfindən ruhani rütbəsindən məhrum edilmiş keşiş Ter Aram, bəzi məlumatlara görə, baş nazir Nikol Paşinyanın iştirakı ilə monastırda liturgiya keçirməyə hazırlaşır, bu, yeni qalmaqalın səbəbi olacaq. Hüquqi baxımdan, ruhani rütbəsindən məhrum edilmiş keşiş dini ayinləri icra edə bilməz, lakin bəzi mənbələrə görə, həmin tədbir ətrafında kütləvi toplantı və Üçmüədzinə yürüş planlaşdırılır. Katolikosla hakimiyyət arasında artan gərginlik artıq dövlət-kilsə münasibətlərində dərin böhrana çevrilib. Ruhani hakimiyyət siyasi mübarizənin obyektinə çevrildikdə, məhz ictimai balansın özü təhlükə altına düşür”. Bu arada Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bildirib ki, kilsəyə qarşı kampaniya ruhi xəstəlikdən əziyyət çəkən və ya tamamilə şərlə dolu olan və ya düşmənin əmrlərini yerinə yetirən biri tərəfindən başlana bilər: “Bu rejimin nümayəndələrinin nə müqəddəs dəyərləri, nə mənəviyyatları, nə də ləyaqətləri var”. Serj Sarkisyan qeyd edib ki, o, istənilən şəraitdə Erməni Apostol Kilsəsini və II Qaregini dəstəkləyir: “Patriarx danışan kimi biz Ermənistan Respublikasının istənilən yerində, istənilən kilsədə ayağa qalxmağa hazırıq”. Xatırladaq ki, Paşinyan ilə kilsə arasında gərginliyin kökü 2018-ci ildə onun hakimiyyətə gəlişindən sonra qoyulub. O dövrdən etibarən Paşinyan “köhnə elita” ilə mübarizə aparacağını elan etmişdi. Bu elitanın bir hissəsi kimi o, kilsəni də görürdü, çünki Ermənistan Apostol Kilsəsi uzun illər ərzində siyasi elitalarla sıx əlaqədə olub və dövlət siyasətinə dolayı təsir göstərib. Son aylarda gərginlik daha da artdı. 2025-ci ilin iyun ayında hökumət Eçmiədzin mərkəzində fəaliyyət göstərən yüksək rütbəli ruhaniyə qarşı “dövlət çevrilişinə cəhd” ittihamı irəli sürdü. Bu hadisə kilsə tərəfdarlarının küçələrə çıxmasına, Eçmiədzin və İrəvanda etiraz aksiyalarına səbəb oldu. Kilsə rəhbərliyi, xüsusilə II Qaregin, hökuməti dini azadlıqlara müdaxilə etməkdə və kilsəni siyasi məqsədlərinə alət etməkdə günahlandırdı. Paşinyan tərəfi isə bildirir ki, Ermənistan kilsəsi uzun illər ərzində şəffaflıqdan uzaq fəaliyyət göstərib, böyük torpaq və daşınmaz əmlak ehtiyatlarını dövlət nəzarətindən kənarda saxlayıb. Onun fikrincə, bu vəziyyət kilsəni dini təşkilatdan çox siyasi təsir mərkəzinə çevirib. Ermənistan tarixində ilk dəfədir ki, dövlət və kilsə bu qədər açıq və sərt şəkildə qarşı-qarşıya gəlir.
Nahid SALAYEV