Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı (DÇ) davam edir.
Arena.az xəbər verir ki, üçüncü yarış günündə 3 güləşçimiz mübarizəyə qoşulub.
Yunan-Roma güləşində İlkin Qurbanov (60 kq) gürcüstanlı Dimitri Xaçidzeyə (3:2) və almaniyalı Georgios Skarpelloya (5:3) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə isə iranlı Səccad Abbaspurraqaniyə 1:7 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qurbanov bu gün təsəlliverici görüşə çıxıb. Amma o, bürünc medal şansını da əldən verib.
Elmin Əliyev (82 kq) macarıstanlı Dominik Çuçora tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Alperen Bərbərə 3:5 hesabıyla məğlub olub.
Ötən gün həm də qadın güləşi üzrə mübarizəyə start verilib. Amma həm ötən gün, həm də bu gün mübarizəyə qoşulmuş xanım güləşçilərimiz DÇ-də ümidləri doğrultmayıblar.
Əsmər Cankurtaran (50 kq) təsnifat mərhələsində rusiyalı Natalia Pudovaya uduzub – 0:10.
Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində amerikalı Kristelle Rodrigesə “tuş”la məğlub olub.
Nərgiz Səmədova (57 kq) serbiyalı Yana Petroviçə 4:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda türkiyəli Emine Çakmakla bacarmayıb – 0:10.
Ruzanna Məmmədova (65 kq) isə ilk mərhələdə macarıstanlı Eniko Elekesə 2:5 hesabıyla uduzub.
Xatırladaq ki, DÇ-yə oktyabrın 27-də yekun vurulacaq.

