RU

Cənubi Sudanda daşqınlar 335 min insanı evsiz qoydu

BAKI, 24 oktyabr. TELEQRAF

Cənubi Sudanda Nil çayının daşması nəticəsində baş verən güclü daşqınlar yüz minlərlə insanın həyatına mənfi təsir edib.

Teleqraf xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) məlumatına görə, iyul ayında yağan intensiv yağışlar ölkənin altı ştatında daşqınlara səbəb olub. Ümumilikdə 26 dairə zərər görüb. Ən çox zərbə alan bölgələr Jongley və Yuniti ştatları olub. Təxminən 335 min insan evlərini tərk etməyə məcbur qalıb.

Daşqınlar həmçinin 61 məktəbi sıradan çıxarıb, nəticədə 22 mindən çox uşaq və 700 müəllim bu vəziyyətdən zərər çəkib.

Tibbi və təhsil xidmətlərinin dayandırıldığı ölkədə su ilə bağlı xəstəliklərin artması və ərzaq çatışmazlığı humanitar böhranı daha da dərinləşdirib.

BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Cənubi Sudandakı nümayəndəliyi bildirib ki, bu ilki daşqınlar ötən ildəkindən daha güclüdür. Əgər vəziyyət davam etsə, 1 milyondan çox insan təsirlənə, təxminən 400 min nəfər isə köç etməyə məcbur qala bilər.

Избранный
139
teleqraf.com

1Источники