Vaşinqton neft qiymətlərinin artımı riskinə baxmayaraq “LUKOYL” və “Rosneft”ə qarşı sanksiyaları sərtləşdirir...
Poliqon xəbər verir ki, The New York Times qəzetinin yazdığına görə, ABŞ-ın Rusiyaya qarşı elan etdiyi yeni sanksiyalar Vaşinqtonun Moskvanın enerji sektorunu tam şəkildə hədəfə almağa hazır olduğunu göstərir. Nəşrin qeyd etdiyinə əsasən, məhdudiyyətlər hələlik yalnız iki böyük şirkəti — “LUKOYL” və *“Rosneft”*i əhatə etsə də, onların ciddi şəkildə icrası Rusiya iqtisadiyyatına ağır zərbə vura bilər.
Məqalədə bildirilir ki, sanksiyalar Rusiyanın enerji daşıyıcılarının satışından əldə etdiyi əsas gəlir mənbələrini kəsməyə yönəlib. Ekspertlər qeyd edirlər ki, ABŞ uzun illər enerji məsələlərində ehtiyatlı mövqe tuturdu. Məsələn, 2022 və 2023-cü illərdə qlobal inflyasiya dövründə Vaşinqton Rusiya neftini bazardan çıxarmağın qiymət artımına və daxili iqtisadi sabitsizliyə səbəb ola biləcəyindən ehtiyatlanırdı.
Lakin qəzet yazır ki, hazırkı iqtisadi şərait fərqlidir və Tramp administrasiyası bu dəfə Rusiyanın enerji sektoruna birbaşa zərbə endirməyə qərarlıdır. Bununla belə, sanksiyaların real effektivliyi ABŞ-ın Çin bankları və Hindistanın neft emalı şirkətləri kimi üçüncü tərəflərə qarşı sərt addımlar atmağa nə dərəcədə hazır olacağından asılı olacaq.
The New York Times vurğulayır ki, “LUKOYL” və “Rosneft”in qlobal ticarət sistemindən sıxışdırılması Rusiya üçün mühüm itki olsa da, bu, həmçinin beynəlxalq enerji bazarlarında yeni gərginlik və qiymət artımı riskini də artırır.
Poliqon.info