“Uzun müddətdir ki, Milli Məclisin plenar və komitə iclaslarında, parlamentdə keçirilən digər tədbirlərdə iştirak edən jurnalistlər məhrumiyyətlərlə qarşılaşırlar. Bu problemin həlli üçün çox çalışsaq da, nəticə yoxdur”.
Hurriyyet.az xəbər verir ki, bunu “Real” televiziyasının əməkdaşı, jurnalsit Mahir Məmmədli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, əslində bu məhrumiyyətin mahiyyəti çox gülüncdür: “Məsələ bundan ibarətdir ki, parlament binasına daxil olan media nümayəndələrinin telefonları əlindən alınır. Milli Məclisə gələn jurnalist ordakı tədbirləri işıqlandırmaq üçün gəlir. Onun telefonunu əlindən almaq fəaliyyətinə mane olmaq deməkdir.
Məndə olan məlumata görə bu qərar Milli Məclis rəhbərliyinə yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyinə məxsusdur. Bunu təhlükəsizliklə əlaqələndirmək olmaz. Çünki jurnalsitlər istisna olmaqla hamı parlament binasına telefonla daxilə ola bilir. Bu qadağa yalnız jurnalistlərə aiddir. Qısa desəm, Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib. Onlar qapıdan keçdiyi anda ətrafla bütün əlaqəsi kəsilir, gələn zəngləri, mesajları görmür. Xəstəsi olan jurnalist tədbir boyu mühafizə postunun yanında növbə çəkir ki, xəstəsindən gələ biləcək yaxşı, ya da pis xəbəri qaçırmasın.
Təssüf ki, uzun illərdir davam edən bu problemin həlli üçün nə Medianın İnkişafı Agentliyi, nə də Mətbuat Şurası cəhd edir. Baxmayaraq ki, hüququ pozulan media nümayəndələrinin problemi ilə məhz onlar məşğul olmalıdırlar”.