BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Amerika Birləşmiş Ştatları Rusiyanın iki ən böyük neft şirkəti - Lukoil və Rosneftə sanksiya tətbiq edib.
Birləşmiş Ştatların maliyyə naziri Skot Bessent bu qərarı Putinin Ukraynadakı müharibəni dayandırmaq istəməməsi ilə izah edib.
Onun sözlərinə görə, sanksiyaların əsas məqsədi Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən maliyyə mənbələrinə təsir göstərməkdir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Video açılmırsa, YouTube kanalımızda baxın.
Prezident Donald Tramp isə Putinlə Budapeştdə gözlənilən görüşün qeyri-müəyyən müddətə təxirə saldığını açıqlayıb.
"Putinlə görüşü doğru hesab etmədim. Bu görüş bizi əldə etmək istədiyimiz nəticəyə doğru aparmadığı üçün onu ləğv etdim. Rusiyaya qarşı çox böyük sanksiyalar tətbiq etdik. Sanksiyalar iki böyük neft şirkətinə qarşıdır. Ümid edirik bu sanksiyalar çox davam etməyəcək və müharibə həll olunacaq", - Donald Tramp deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 23-də keçirdiyi brifinqdə deyib ki, Qərbin neft şirkətlərini hədəf alan sanksiyaları Rusiyanın enerji siyasətinə təsir etməyəcək.
Zaxarova Vaşinqtonun bu qərarını Ukraynada münaqişənin həlli istiqamətində aparılan danışıqlara qarşı mənfi addım kimi qiymətləndirib.
Təhlilçilər hesab edir ki, bu sanksiyalar Rusiyaya ciddi təsir etməsə də, Trampın Rusiyaya qarşı siyasətinin dəyişdiyini göstərir.
Tramp bir müddət əvvəl bildirmişdi ki, Avropa ölkələri Rusiyadan neft almağı dayandırmasa, o, Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməyəcək.