İ.Əhmədovun fikrincə, belə təşəbbüsləri daha da artırmaq lazımdır ki, kəndlərə axın olsun:"Təsəvvür edin, kənddə yeni məktəb tikilir, amma müəllim maaşı az olduğu üçün ora işləməyə gedən yoxdur. Nəticədə tikintiyə ayrılan milyonlarla vəsait mənasız qalır, bəzi hallarda isə belə tikilmiş məktəblər bağlanır və “rasionallaşdırma” adı altında fəaliyyətini dayandırır. Bu məsələlər strateji şəkildə, planlı və proqnozlaşdırılmış formada həll olunmalıdır. Təhsil sahəsində bütün qərarlar təhsilin keyfiyyətinin və inkişafının təmin edilməsinə xidmət etməlidir. Əgər hər şey yalnız pula qənaət prinsipi ilə yanaşılsa, nəticə verməyəcək. Çünki təhsildə qənaət olmamalıdır. Ulu öndər Heydər Əliyev deyirdi ki, “biz haradan olur-olsun, kəsib təhsilə əlavə imkan yaratmalıyıq”. Cənab Prezident İlham Əliyev də qeyd edirdi ki, “əgər biz müharibə şəraitində olmasaydıq, təhsil büdcəsi Azərbaycanda birinci yerdə olardı”. Bu gün təhsil büdcəsi doğrudan da böyükdür, amma onun səmərəsi nə keyfiyyətdə, nə tədqiqatda, nə də müəllimlərin aldığı maaşda hiss olunmur".Təhsil eksperti Adil Vəliyev də öz açıqlamasında bildirib ki, bu təşəbbüs rayonlarda yerləşən ucqar kənd məktəblərində işləmək istəyən müəllimlər üçün əlavə motivasiya kimi dəyərləndirilə bilər. Onun sözlərinə görə, burada müəyyən əlavələrin edilməsi bu təşəbbüsü daha da səmərəli edə bilər:
"Məsələn, müəllimlərin ən çox qarşılaşdığı problemlərdən biri ev məsələsidir. Çünki ucqar kəndlərdə yerləşən evlərin çoxunda istilik sistemi, su və işıq kimi kommunal problemlər mövcuddur. Eyni zamanda, həmin bölgələrdə nəqliyyat problemi də aktualdır, müəllimlər məktəblərə gedib-gəlməkdə çətinlik çəkirlər. Düşünürəm ki, bu istiqamətdə dövlət və ya Elm və Təhsil Nazirliyi tərəfindən dəstək göstərilərsə, müəllimlər üçün əlavə motivasiya yaranar və ucqar kənd məktəblərinə getmək istəyən müəllimlərin sayı əhəmiyyətli dərəcədə artar. Ümumiyyətlə, ucqar bölgələrdə yerləşən məktəblərdə əsas problemlərdən biri infrastrukturun zəifliyi və çətin yaşayış şəraitidir. Bu da, təbii ki, müəllimlərin həmin yerlərdə işləmək qərarına təsir göstərir".A.Vəliyev qeyd edib ki, digər vacib məqam ucqar kənd məktəblərinə gedəcək müəllimlərin peşəkar inkişafıdır:"Bu istiqamətdə müəyyən addımlar atılmalıdır və bu, onlayn formada olsa, daha uğurlu olar. Bundan əlavə, həmin məktəblərdə maddi-texniki bazanın gücləndirilməsi, infrastrukturun yenilənməsi və yeni məktəblərin tikilməsi həm şagirdlər, həm valideynlər, həm də müəllimlər üçün çox faydalı olar. Bu bölgələrə gedəcək müəllimlər üçün müəyyən zaman aralığında xüsusi sosial paketlər və güzəştlər nəzərdə tutulmalıdır. Bu, xüsusilə gənc müəllimlərə həm maddi problemlərini həll etməkdə, həm də sosial rifahlarını yaxşılaşdırmaqda kömək edər".Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə dərc olunub.