RU

İlham Əliyevin “məhdudiyyətlər qərarı” Ermənistanın Rusiyadan asılılığını azalda bilər...


Ceyhun Məmmədov: “Bu gün Cənubi Qafqaz ciddi dəyişikliklər astanasındadır”

Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, ölkə tədricən iqtisadi blokadadan çıxmaq mərhələsinə qədəm qoyur. Paşinyan bu qənaətə Azərbaycan dövlətinin öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırması barədə qərarını əsas gətirərək gəlib:

“Yaxın zamanda iqtisadiyyatımızın strukturunda ciddi dəyişikliklər baş verəcək. Artıq iki gündür müzakirə olunur ki, Azərbaycan Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini ləğv edib. Bu, çox mühüm qərardır və Vaşinqton Bəyannaməsinin sadəcə sənəd deyil, real nəticələr verən razılaşma olduğunu göstərir”.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyadan asılı olan bir ölkədir. Maraqlıdır, ümumən Azərbaycanın məlum addımı Ermənistanın Rusiyadan asılılığının azalmasında hansı rolu oynayacaq?

“Bu addım Ermənistanın müəyyən mənada Rusiyadan asılılığının azalmasına ciddi təsir göstərəcək”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, bu gün Cənubi Qafqaz ciddi dəyişikliklər astanasındadır: “Hesab edirəm ki, regionumuza sülhün, əminəmanlığın, təhlükəsizliyin gəlməsi baxımından bu məsələ çox önəmlidir. Yəni artıq Azərbaycan Ermənistana aparılan malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırır. Gözlənilən odur ki, Ermənistan da bu addımları atacaq. Bu proses əlaqələrimizin daha da güclənməsinə, inkişafına töhfə verəcək. Bu gün bölgəyə sabitliyin, əminamanlığın gəlməsi üçün bu cür addımlar çox önəmlidir. Yəni Azərbaycan bu strateji və çox önəmli addımı ataraq bölgəmizə sülhün gəlməsinə, əminamanlığın təmin olunmasına, xalqlar arasında münasibətlərin inkişafına öz töhfəsini verir. Bu, sadə bir məsələ deyil. Həqiqətən də Birləşmiş Ştatlarda imzalanan sənədlərin nə qədər mühüm, vacib və önəmli olduğunu göstərən bir məsələdir. Təbii ki, bu gün Ermənistan çalışır blokadadan çıxsın. Ona görə ki, bu ölkə ciddi blokadadadır və Ermənistanın Azərbaycanla, Türkiyə ilə sərhədi bağlı idi. Ermənistan əsasən Gürcüstandan, Rusiyadan və İrandan asılı idi. Rusiyadan idxal edilən və bu ölkəyə ixrac edilən məhsullar Gürcüstan üzərindən daşınırdı. Yaxud da Ermənistan Qazaxıstandan idxal etdiyi buğdanı Rusiya vasitəsi ilə gətirirdi. Bu isə Rusiyadan asılılıq yaratmaqla yanaşı, daşıma xərclərini artırırdı. Prezident İlham Əliyevin məlum humanist qərarından sonra Qazaxıstandan idxal edilən taxıl Azərbaycandan keçməklə Ermənistana çatdırılır. Azərbaycanın atdığı addım Ermənistanın müəyyən mənada Rusiyadan asılılığının azalmasına ciddi təsir göstərəcək. Xüsusən də Türkiyə ilə sərhəd açıldıqdan sonra biz daha ciddi və daha önəmli hadisələrin şahidi olacağıq. Həm tərəflər rahat şəkildə gedib-gələ biləcəklər, yükləri daşıya biləcəklər, həm də tərəflər arasında münasibətlər yeni mərhələyə daxil olacaq. Bütün bunlar da ümumən prosesin inkişafına öz töhfəsini verəcək”.

Vidadi ORDAHALLI

Избранный
27
baki-xeber.com

1Источники